GÜN BU GÜNDÜR!

Bölmə: Siyasət › ,
Tarix: 22:55 08.09.2023

    Bu gün Separatçılar qondarma “parlament”də “prezident” seçkisi keçirilir. Siyasi analitik Natiq Miri deyir ki, yeganə namizədin Araik Arutyunyanın təyin etdiyi Samvel Şahramanyanın olması o deməkdir ki, bütün siyasi qüvvələrin konsilidasiyası ilə, heç bir fikir ayrılığı olmadan Şahramanyan qondarma "prezident" seçiləcək.

   "Bundan sonra yeni reallığın yaranması ilə bağlı yenə hay-küy qopardacaqlar. Bu, əslində yenidən Qarabağda mövcud olan insanları öz ətrafında konsilidə edə bilər və indiki vəziyyətdə belə bir qanunsuz seçkinin keçirilməsi Azərbaycan üçün məqbul deyil. Bununla bağlı Azərbaycan dövləti öz etirazını bildirib. Düşünürəm ki, daha ciddi, qətiyyətli siyasi iradə olmalıdır və bunu seperat rejimin quldur dəstəsi və eyni zamanda Ermənistan dövləti də görməlidir. Bu, Rusiya hərbi kontingentinin vasitəsilə də, Azərbaycan dövlətinin seçkinin keçirildiyi təqdirdə müdaxilə edə biləcəyi ilə bağlı ultimativ xəbərdarlığı ilə də ola bilər. Bu quldur yuvasını bir neçə zərbə ilə məhv etmək də olar". Natiq Miri əlavə edir ki, toplantının yeri bəllidir, orada iştirak edən şəxslərin əksəriyyəti cinayətkar ünsürlərdir, əksəriyyətin əli Azərbaycan əsgərlərinin, mülki şəxslərinin qanına batıb.

  Siyasi analitik düşünür ki, bu o vaxta qədər davam edəcək ki, separatçılar qapılarında 44 günlük müharibə kimi ciddi hərbi əməliyyat görsünlər. “Bunu görməsələr, onlar seperatizmi bəsləyən Rusiya hərbi kontigentinə, Ermənistanın Qarabağda saxladığı on mindən yuxarı silahlı birləşmələrə və Ermənistanın dünyadakı havadarlarına arxalanaraq bu cür seperatizm xülyalarına davam edəcəklər. Buna görə də bu il ərzində Qarabağ problemi həll olunmalıdır. Düşünürəm ki, gün bu gündür!”.

Nəzrin Mirzəyeva