Harada və neçəyə dincələ bilərik?-Yeni il turları
Bölmə: Sosial › ,Tarix: 20:58 25.11.2023
Hər il Yeni ili qeyd etmək üçün çox sayda insan bölgələrə üz tutur.
İnformator.az xəbər verir ki, kimi istədiyi rayonda fərdi ev tutur, kimi də turlar vasitəsilə səhayət etməli olur. Turlar bu il də yeni il üçün xüsusi paketlər hazırlayıblar.
Məsələ ilə bağlı Tur şirkəti rəhbəri Rəvan Əhmədov açıqlamasında deyir ki, daha çox aktual olan turlar Qusar- Şahdağ, Qəbələ- Tufandağ istiqamətlərinə olur.
“Şəki, Qax, Zaqatala istiqamətlərinə, Cənub zonasına da, tur paketlərinin qiyməti heç də yüksək deyil və bunu da nəzərinizə çatdırım ki, bir turun təşkil olunmasında transfer xidməti, yəni nəqliyyat xidməti, bunun qidalanması var, səhər yeməyi, otel xərcləri, gəzintiləri və s.”.
Ekspertlər deyir, tur qiymətləri nəinki Yeni il ərəfəsində ümumiyyətlə digər mövsümlərlə müqayisədə qışda daha yüksək olur. Qiymətlər bazar standartlarına uyğun olur
Ekspert Ceyhun Aşurovun sözlərinə görə, burda əsas məsələ tələbatın yüksək olmasıdır.
“Baxmayaraq ki, yayda daha çox insanlar səyahət edir amma daha çox da alternativlər var, yay istirahətini keçirəcək yerlər var. Qışda bu yerlər daha məhduddur. Tələbatın yüksək olduğu dövrlərdə isə qiymətlər nisbətən yüksəkdir”.
Təlabatın yüksək olmasının səbəbi isə quru sərhədlərin bağlı olması ilə əlaqələndirilir. İqtisadçı-ekspert Eldəniz Əmirov isə deyir ki, ölkəmizin turizm potensialı yüksək olsa da quru sərhədlərin bağlı olması yerli turistlərin xaricə deyil, məhz ölkəmizin öz turizim məkanlarını ziyarət etməsi ilə nəticələnir.
“Daha çox məhz şimal bölgəmizə, şimal qərb bölgəmizə, və cənuba eyni zamanda da bakıya daha çox yenj il mövsümündə biz turistlərin, yəni yerli turistlərin toplandığını, bölgələrimizdən gələn insanların bura səyahət etdiyini görürük”.
Yeni ili ölkədən kənarda keçirmək istəyənlər üçün təklif olunan tur paketlərinin qiyməti isə bir nəfər üçün 1000-3000 dollar arası dəyişir.
Gülnar Ələmdarqızı