Artan avtomobil qəzaları-səbəblər, həqiqətlər

Bölmə: Sosial › ,
Tarix: 21:09 25.11.2023

Avtobus və mikroavtobusların iştirakı ilə qeydə alınan qəzaların statistikası açıqlanıb. BDYPİ-dən də bildirilib ki, qeydə alınan ölüm və xəsarət hallarına baxdıqda vəziyyət heç də ürək açan deyil.

 

İnformator.az xəbər verir ki, 9 ay ərzində ölkə ərazisində avtobus və mikroavtobusların iştirakı ilə qeydə alınan 1806 yol nəqliyyat hadisəsi nəticəsində avtobus sürücülərinin təqsiri ucbatından 17 nəfər həyatını itirib, 25 nəfər isə xəsarət alıb.

 

Məsələ ilə bağlı BDYPİ-nin şöbə inspektoru Elvin Hacıyev açıqlama verib.

 

“Təhlillər göstərir ki, ölkəmizdə avtobus və mikroavtobusların iştirakı ilə qeydə alınan yol nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən başlıca amillərdən biri də qəzada iştirak edən ictimai nəqliyyat vasitələrinin köhnəlmiş, texniki-təhlükəsizlik baxımından yararsız olmasıdı”.

 

Qurum rəsmisi onu da bildirdi ki;

 

“Araşdırmalar zamanı qeyri - qanuni yollarla texniki baxışdan yayındırılan, nasaz halda istismar edilən avtobusların əsasən mərkəzdən kənarda Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərdiyi müəyyən edilib. Sürücülərin və avtobusların məxsus olduğu şirkətlərin müəyyən edilməsi bu sahədə nizam intizamın yaradılması məqsədi ilə BDPİ-nin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət profilaktik tədbirlər həyata keçirilir, müəyyən xəbərdarlıqlar edilir”.

 

Elvin Hacıyevin sözlərinə görə, edilən xəbərdarlıqlara baxmayaraq hələ də qaydalara riayət olunmur.

 

“Dövlət qeydiyyat nişanını müxtəlif üsullarla gizlədərək inzibatı məsuliyyətdən yayınmağa çalışan, nasaz vəziyyətdə olan avtobus və mikroavtobuslarla sərnişin daşıyan, alkaqoldan, narkotik vasitələrdən istifadə edərək sərxoş vəziyyətdə sərnişinlə dolu avtobus idarə edən sürücülərə rast gəlinir ki, bu da sonda böyük faciələrin yaşanmasına gətirib çıxardır. Texniki standartlara cavab verməyən, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan avtomobillərlə sənişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırırıq ki, bu kimi hallar aşkarlandığı təqdirdə həmin şəxslər barəsində ciddi tənbeh tədbiləri görüləcəkdir”.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən isə bildirildi ki, müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar gündəlik reysqabağı texniki baxışdan keçirilir, sürücülər isə tibbi müayinəyə cəlb olunurlar.

 

“Həmçinin qurumun nəzdində Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir ki, həmin mərkəzdə sürücülər peşə fəaliyyəti, davranış qaydaları üzrə nəzəri və praktiki təlimlərə cəlb olunurlar”.

 

Gülnar Ələmdarqızı