Azərbaycanda maqnit qasırğası gözlənilirmi? -Hidroloqdan XƏBƏRDARLIQ

Bölmə: Sosial › ,
Tarix: 20:55 27.11.2023

İnformator.az xəbər verir ki, Noyabrın 18 və 19-da Türkiyədə qasırğa və güclü yağışlar zamanı doqquz nəfər həlak olub. Bu barədə məlumatı isəTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabındakı paylaşımla bildirib. Qardaş ölkədə baş tutan qasırğa fəlakətinin Azərbaycana da şamil edilməsi barədə cəmiyyət müəyyən tendendiyalar ortaya çıxıb.

 

Məsələ ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev İnformator.az-a açıqlama verib. Onun sözlərinə görə, Türkiyədə baş vermiş qasırğa ölkəmizdən yan keçməyəcək.

 

“Bakıda və Abşeron yarımadasında noyabrın 27-si gündüzdən 28-i səhərdək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Noyabrın 28-də arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 6-9° aşağı enəcək”.

 

Asif Verdiyevin sözlərinə görə, Azərbaycanın rayonlarında noyabrın 27-si gündüz şimal və qərb rayonlarından başlayaraq 28-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

 

“Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək”, - deyə hidroloq yekunlaşdırıb.

 

Tehran Yusifli