Metroda qatarlar gecikdi
Bölmə: Sosial › ,Tarix: 22:25 27.11.2023
Bu gün Bakı Metropolitenində qatarların hərəkətində ləngimə müşahidə olunub. Bu, "Memar Əcəmi” stansiyasında daha çox hiss edilib. Gecikmələr nəticəsində 20 dəqiqəyə qədər yubanma yaranıb.
Sözügedən məsələ ilə bağlı informator.az saytına açıqlama edən Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, bugünkü ləngimə nasazlıq səbəbilə olub. Araşdırma qatar xətdən çıxarıldıqdan sonra, depo şəraitində aparılıb.
Bəxtiyar Məmmədov əlavə edib ki, Texniki komissiya insan faktoru da daxil olmaqla, bütün detalları araşdırır və nəticələr təkrar yoxlanılacaq və sabah araşdırma müzakirəsi olacaq:
"Qatarların hərəkətində başqa ləngimə olmayıb. Ola bilər gün ərzində qapıların tutulub saxlanması ilə bağlı bir neçə saniyə ləngimə olsun. Lakin bütün bunlar növbəti stansiyaya qədər aradan qaldırılır.
Ümumiyyətlə, bu, son bir ay ərzində ikinci nasazlıq hadisəsidir. Bundan əvvəlki məhz qapı ilə bağlı olub.
Bu da sərnişin müdaxiləsinin nəticəsi idi".
Bəxtiyar Məmmədov sonda bildirib ki, tunel və qatarların təmiri, qulluğu və xidməti, habelə hərəkət qrafiki ilə bağlı narahatlıq doğuracaq məqamlar yoxdur.
Qeyd edək ki, bu gün Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb.
Nəzrin Mirzəyeva