Şirvan Ürək Mərkəzi bir ilkə imza atıb
Bölmə: Sosial › ,Tarix: 18:30 28.11.2023
Şirvan Ürək Mərkəzində ilk dəfə koronar damar daxili təzyiqin ölçülməsi (FFR) və 100-cü angioqrafiya əməliyyatı həyata keçirilib
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının (ŞMX) nəzdində fəaliyyət göstərən Şirvan Ürək Mərkəzində ilk dəfə koronar damar daxili təzyiqin ölçülməsi (FFR) əməliyyatı və 100-cü angioqrafiya əməliyyatı həyata keçirilib.
İnformator.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
1955-ci il təvəllüdlü Sabirabad rayon Navadan kənd sakini üzərində aparılan koronar damar daxili təzyiqin ölçülməsi (FFR) əməliyyatı uğurla baş tutub. Hazırda pasiyentin vəziyyəti tam stabildir.
Həm sözügedən əməliyyat, həm də 100-cü angioqrafiya əməliyyatı invaziv-kardioloq Nicat İbrahimov tərəfindən həyata keçirilib. O, “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində dövlət tibb müəssisələrində işə cəlb olunan xarici ölkədə çalışmış həkimlərdəndir.
Qeyd edək ki, Şirvan Regional Ürək Mərkəzi 2023-cü ilin oktyabrından fəaliyyətə başlayıb. Müasir avadanlıqlar, dərman və dərman vasitələri ilə təchiz olunan Mərkəz 6 rayon (Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Neftçala) üzrə kardioloji xəstələrə xidmət göstərir.
Şirvan Ürək Mərkəzində vətəndaşlara təqdim olunan xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilir.