Dövlət təhlükəsizliyi qurumlarının inkişaf edən rolu: Qlobal dinamikaya uyğunlaşma

Bölmə: Sosial › ,
Tarix: 19:11 28.11.2023

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Azərbaycana təhdid yaradan həm ölkədaxili, həm də ölkə xaricində baş verən proseslərə qarşı bir çox əməliyyat keçirib. Əsas məqsəd ölkə mənafeyinə qarşı olan hər bir təhdidi aradan qaldırmaqdır. Ölkə əhalisi bu adı eşitdikdə hər zaman qürurlanır, fəxrlə danışır, dünya ölkələri isə keçirdikləri əməliyyatları qibtə ilə izləyir.

 

Dövlət təhlükəsizlik orqanları Azərbaycanı xarici təhlükələrdən, o cümlədən potensial terror aktlarından, casusluqdan və təcavüzün digər formalarından qorumaqda və vətəndaşlarının təhlükəsizliyinin, sabitliyinin və müdafiəsinin təmin edilməsində mərkəzi rol oynayır və fəaliyyətləri əvəzolunmazdır. Təbii ki, Dövlət Təhlükəsizlik Xidmətinin tarixi müstəqillik dövrümüzdən başlamayıb. Ölkənin dayağı adlandırılan qurum yüz illərlə öz kimliyini gizləsə belə, unutdurmayıb. Sözsüz ki, ölkənin inkişafının qarşısını almağa cəhd göstərən daxili qüvvələr, həm də ermənilər Heydər Əliyevin liderliyi ilə yüksələn ölkəmizə qarşı hər zaman fərqli mövqedə dayanaraq, öz mənfur planlarını həyata keçirməyə çalışsalar da, buna nail olmağı bacarmayıblar. Bir çox sahələrdə olduğu kimi təhlükəsizlik orqanlarında da erməniləşdirmə siyasəti aparılıb, önəmli vəzifələrə ermənilər və ya qeyri-müsəlman insanlar gətirilməyə başlanmışdı.

 

Ulu öndərin siyasi iradəsi sayəsində ölkənin günəşi qaranlığa qərq olmaqdan xilas oldu. Gənc olmasına baxmayaraq, siyasi arenada öz sözünü demiş ulu öndər Heydər Əliyev mənfur düşmənin çirkin planlarını praqmatik siyasət kursu ilə dəf etdi. Uzun onilliklərdən sonra ilk dəfə müsəlman türkünün 1944-1975-ci illər arasında təhlükəsizlik orqanlarında işləməsi, əməliyyat müvəkkilindən Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək, leytenant rütbəsindən generaladək yüksəlməsi təhlükəsizlik orqanlarının tarixində yeni bir səhifənin başlanğıcı oldu.

 

“Türk dünyasından sizdən başqa general çıxdımı? – Məndən sonra çıxdı, mənə qədər yox idi. Orduda var idi, ama KQB-də mənə qədər türk müsəlman generalı olmamışdı”- Heydər Əliyev.

 

Azərbaycan xalqına qarşı yönəlmiş təzyiqlərin, daxili və xarici təhdidlərin artdığı dövrdə belə bir yüksək məqama qalxmaq yalnız peşəkarlıq tələb etmir, vətən sevgisi, xalqa xidmət ən böyük stimul idi.
Azərbaycan Xüsusi Xidmət orqanları ictimai birliyinin sədr müavini Polkovnik Azər Qarayev öz çıxışında bildirir ki, 50-ci illərdə güc strukturlarında işləyən azərbaycanlıların sayı 30%-i belə keçmirdisə, Heydər Əliyevin səyi nəticəsində bu 70%-ə qədər qalxmışdı.


Sözsüz ki, ölkəmizin inkişafını müsbət qarşılamayan daxili və xarici düşmənlər buna mane olmaq cəhdləri göstərirdi. Lakin Heydər Əliyevin məhz uzaqgörən siyasətinin əsas istiqamətlərindən biri ermənilər və ermənipərəst separatçı qüvvələrə qarşı yönəlmişdi. Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksələn Heydər Əliyev yeni vəzifənin verdiyi ilhamla gənc kadrlara önəm verir, onların önəmli şəxsiyyətlər olmasına dəstək göstərirdi. Bu dövrdə xüsusi xidmət orqanlarında çalışan yerlilərin məişət yaşayışı da digər xalqlardan xidmət edənlərlə müqayisədə olduqca aşağı olması diqqətdən yayınmırdı. Heydər Əliyev səyi ilə azərbaycanlı kadrların maaşını nizamlanmış, təbliğat, təşviq üçün əlavə vəsait yatırılmış, evlərin verilmə qaydalarını asanlaşdırılmışdı. Ulu öndər xüsusi xidmət orqanlarına aid yaşayış kompleksi açılışında da bildirmişdi ki, "Bu şərait onların xalqa, dövlətə, millətə daha yaxşı xidmət etmələri üçün yaradılmışdır. Ümid edirəm, gənc savadlı şəxslər öz etimadlarını doğruldacaq".

 

Müstəqillik illərində yaranmış xaos Heydər Əliyev sayəsində stabilləşdirilmişdi. O dövrdə yaranmış rüşvətxor rejim, avtoritar özbaşınalıq, daxildə olan xainlər, casuslar Heydər Əliyevin rəhbərliyi ilə Prokurorluq, həmçinin Dövlət Təhlükəsizlik Xidmət orqanları ilə təsbit edilib aradan qaldırılırdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan "Dəmir Yumruq" əməliyyatı zamanı da həm ön, həm də arxa cəbhədə xüsusi xidmət orqanlarının işləri əvəzsizdir. Qondarma rejimin eks dırnaqarası rəhbərlərinin məsuliyyətə cəlb edilməsinə aid olan videoları hazırda trendlərdə ilk yerdədir. Azərbaycan xalqı dövlətinə inanır. Fitrətən kəşfiyyatçı istedadı, yüksək intellekti, idarəçilik və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanan dahi sərkərdə tərəfindən qoyulan bu inancın təməli sağlamdır. Təhlükəsizlik məsələsinə daima kompleks və sistemli yanaşan və güclü ordu quruculuğu siyasəti yürüdən cənab prezident İlham Əliyev də bu barədə öz çıxışlarında hər dəfə bildirir ki, ölkə öz mənafeyinə zidd olan prosesləri izləməli, lazım gələrsə buna müdaxilə etməlidir. Cənab prezidentin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində xüsusi xidmət orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb.

 

Bir sözlə, xalqımızın qürurla, düşmənin qibtə ilə baxdığı Xüsusi Xidmət Orqanlarının fəaliyyəti yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Təhlükəsizlik orqanlarına göstərilən yüksək diqqət, qayğı və hörmət ölkəmizin suverenliyi və ərazi bütövlüyünüm qorunmasının, təhlükəsizlik mühitinin formalaşdırılmasının xalqımızın təhlükəsizliyinin müdafiəsinin Azərbaycan Respublikasının fəaliyyətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Dövlət təhlükəsizlik orqanları milli sərhədlər daxilində cinayət əməllərinin qarşısının alınması və onlara reaksiya verilməsi üçün, potensial təhlükələrin monitorinqi və eləcə də, terrorla mübarizədə operativ əməliyyatlar keçirməklə dövlətimizin maraqlarını və vətəndaşlarını qorumaqda çoxşaxəli rol oynayır və bu istiqamətlərdə profilaktik tədbirlər həyata keçirirlər. Ölkənin və rəhbərliyin təhlükəsizlik orqanlarına olan inamı onlarda ruh yüksəkliyi yaradır və cəsarəti yüksəldir. Bu inam heç vaxt bitməyəcək!

 

Aysel Mikayılova