Qızılcaya yoluxma sayında ARTIM VAR

Bölmə: Sosial › ,
Tarix: 20:27 28.11.2023

Son günlər Azərbaycanda qızılçaya yoluxma hallarında artım müşahidə olunur.  TƏBİB -dən İnformator.az-a verilən məlumata görə, ölkədə qızılca xəstəliyinə son illər ərzində yoluxma nadir hallarda qeydə alınıb. Hətta bəzi illərdə, ümumiyyətlə, yoluxma olmayıb, ən yüksək yoluxma isə 2018-ci ildə qeydə alınıb. Bu da daha çox 40 yaşdan yuxarı əhali arasında müşahidə olunub və dövlət tərəfindən təqvimdən kənar peyvənd kampaniyalarına başlanılıb.


"Qızılca xəstəliyinə yoluxmaların bu tipli artımları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən proqnozlaşdırılıb. Belə ki, hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artım göstərməkdədir. Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrünün COVID-19 pandemiyasına təsadüf edən uşaqların olmasıdır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvəndlənmədən kənar qalıblar".

 

Məlumatda bildirilir ki, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur.

Əlavə edilir ki, Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir.

 

Əldə edilən məlumata əsasən, qeyd edilir ki, TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir.

 

"Bu günə olan məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma sayları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur. Bir daha qeyd edirik ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlardır".

 

Verilən məlumatun sonunda bildirilir ki, qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib. Sözügedən peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur.

 

"Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə tətbiq olunmaqdadır".

 

Həkim-infeksionist Ləman Qalimova peyvəndin önəmi barədə informator.az saytına açıqlama edib.
Həkim qeyd edir ki, Qızılça halına yoluxmanın artması həm uşaqlar, həm də böyüklər üçün çox təhlükəli durumdur:

 

"Dövlət proqramında 1 və 6 yaşlarda qızılca peyvəndi olunur. Ancaq kimsə bunu etməyibsə, dərhal etməlidir. Çünki peyvəndi olan uşaq Qızılcaya yoluxduqda daha yüngül keçirir. Amma vaksinasiyası olmayan uşağın həyatı üçün Qızılca təhlükəli ola bilər. Çünki fəsadları, ağırlaşmaları daha çox olur. Buna görə də peyvənd sxemini tamamlamayıblarsa, mütləq şəkildə peyvənd olsunlar".

 

Bəs, hansı şəxslər peyvənd olunmamalıdır?

 

"Onkoloji, orqan transplantasiyası olan, uzun müddət kortikosteroid, kemoterapiya, radioterapiya alan xəstələrə, immun yetməzliyi olan, HİV pozitiv olan xəstələrə canlı vaksin olmaz, əks göstərişdir.
Bu hamilələrə də olmaz, lakin doğumdan sonra Qızılca peyvəndləri yoxdursa, mütləq etməlidirlər. Vaksinasiya sxemini mütləq şəkildə tamamlamaq lazımdır. Əgər tamamlanmasa, yoluxmalar, ağırlaşmalar artar, ölüm halları belə yarana bilər".


Həkim tövsiyə edir ki, vaksinasiya olan şəxsin 4 həftə ərzində hamiləlik planlanması olmamalıdır:

 

"Qeyd edim ki, Qızılcaya yoluxan xəstəylə təmasda olan şəxsə mütləq 72 saat ərzində qızılca vaksini vurulmalıdır. Ancaq təmas edən şəxs hamilədirsə, ona vaksin olmaz, ona immunoqlobulin vurulmalıdır. Təmas sonrası 6 gün ərzində immunoqlobulin vurulsa, effektli olar".

 

Nəzrin Mirzəyeva