Emin Əmrullayev adlı tələbə təqaüdlərinin vacibliyini önə çəkib

Bölmə: Sosial › ,
Tarix: 21:06 28.11.2023

"Xaricdəki hər hansı universitetdə bir neçə yüz adda təqaüd var. Ümid edirəm ki, biz də daha çox adda təqaüd görəcəyik və təhsildə əlçatanlıq artacaq". Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Günümüzdə tələbələrin çoxunun adlı təqaüdlə bağlı məlumatı yoxdur. Məsələ ilə bağlı informator.az - a açıqlama edən təhsil eskperti Rizvan Fikrətoğlu deyir ki, tələbələrə müxtəlif adda təqaüdlərin verilməsi dünya və Azərbaycan praktikasında mövcuddur:

 

"Ölkəmizdə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə dövlət təqaüdü ilə yanaşı, digər təqaüdlər də verilir. Bu, adademik göstəricilərinə uyğun şəkildə fərqli məbləğdə olur".

 

Ekspert əlavə edir ki, Prezident təqaüdü, bəzi universitetlərin öz hesabına verdikləri təqaüdlər, mobil operatorların və digər şirkətlərin ödədiyi təqaüdləri misal çəkmək olar: "Bu, bəyəniləsi haldır və müsbət dəyərləndirilməlidir. Mövcud durumda dövlət tərəfindən ali məktəblərdə təhsil alan tələbələrin təxminən 40 faizi, orta-ixtisas təhsil müəssisələrində 47 faizi, peşə məktəblərində isə 55 faizi təqaüd alır. Məlum məsələdir ki, bu təqaüdlərin çoxu, bəlkə də hər biri bir tələbənin yaşam meyarını ödəmir. Universitetlərin çoxunun yataqxanası olmadığından və ya mövcud yataqxanalar məhdud sayda tələbə qəbul etdiyindən tələbələr kirayələrdə qalmağa məcbur olur. Xüsusən də regionlardan gələn tələbələr üçün bu, xeyli çətindir".

 

Müsahib açıqlamasında bildirir ki, tələbə bir neçə adda təqaüd olmaqla öz maddi rifahını yaxşılaşdıra, ailələrindən asılılığını minimuma endirə bilərlər. Bu olmadığı təqdirdə tələbə işləməyə, təhsildən müəyyən mənada kənarlaşmağa meyillənir. Bu səbəbdən ölkəmizdə tələbələrə müxtəlif adda ayrılan təqaüdlərin sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır:

 

"Başqa bir məsələ isə, bir sıra şirkətlərin, müxtəlif proqramların təklif etdiyi təqaüdlərdən tələbələrin məlumatsız olmasıdır. Çox yaxşı olardı ki, Elm və Təhsil Nazirliyi, təhsil müəssisələri və əlaqəli təşkilatlar maarifləndirmə işlərini, təbliğatı vaxtında və keyfiyyətlə aparsınlar. Bundan əlavə, müxtəlif dövlət və özəl qurumları, eləcə də fiziki və hüquqi şəxsləri tələbələrə təqaüd vermələri üçün həvəsləndirmə tədbirləri görülə bilər. Təqaüdlərlər yanaşı, tələbələrə bir sıra güzəştlərin də edilməsi yerinə düşərdi".

 

Rizvan Fikrətoğlu sonda əlavə edir ki, nəqliyyat xərcinin qarşılanması, eləcə də universitetlərin yeməkxanalarında yeməklərin minimum qiymətlərlə və hətta pulsuz verilməsi gündəmə gətirilə bilər.

 

Zeynəb Mustafazadə