Bəs SƏN?

Bölmə: Sosial › ,
Tarix: 21:48 28.11.2023

"Pul yoxdur onda. Sən ağıllı davran, pul qazanmağa ver diqqətini ki, insanlar içində də hörmət qazan, balam"

 

Niyə çalışırsınız?

 

Bu sualı sırf sual olsun deyə verilmiş cümlələrdən saymayın, çünki o, əsla sıradanlığa layiq deyil. O, özəldir, hər birimiz kimi və onu özəlləşdirməli olanlar da bizlərik.

 

Nə üçün çalışırsan sən? Kim olduğunun fərqindəsən? Şəxsiyyət vəsiqəsində cinayətkara bənzər dayanan səndən bəhs etmirəm, aynaya baxdığında gördüyün sən kimsən?

 

Kimlik məlumatların nədir? Varlığın nələr və kimlərlə bağlantılıdır? Hansı bağlara üstünlük verirsən?

 

Nə üçün pul qazanırsan və nə üçün hazırda da bu yazımı oxuya biləcək qədər yaşaya bilmisən?

 

Çox sual verdim, elə deyilmi? Bu qədər sual verə bilən bir jurnalist necə ola bilər ki, hər hansı birini təxmini də olsa, cavablaya bilməsin? Qəribə olardı.

 

Düşünürəm ki, bir sualı aydınlaşdırmaq üçün başlanğıc nöqtəsindən etibarən gözdən keçirmək, bir qədər dərinə getmək məntiqlidir. Ona görə də sualları özüm də özümlə cavablandıracağam.

 

"Biri varmış, biri yoxmuş, bəs sən?".

 

Bu, özümə ən çox verdiyim suallardandır. "Bəs sən?"

 

Mənim hekayəmdə daim axtarışda olan biriyəm. Hamı kimi olsam da, "mənim hekayəm" deyirəm, çünki bu yazım da mənim hekayəm ilə bağlıdır.

 

"Mən varmışam, az yaşarmışam, ən azından belə deyənlər ilə qarşılaşmışam. Sonra bir baxmışam, mən bir qədər mən olmuşam. Mən olduqca daha çox fərqinə varmışam səbəblərin. Daha çox dinləmiş, sual vermiş, məlumat toplamışam. Çünki mən buyam və bu da mən, Aydan".

 

Pula önəm verən, pul yığmağı çox sevən, amma puldan çox azadlığını sevən mən. Yeniliklərə can atan bir insan. Reallığın fərqinə vararaq həyatında yeniliklər axtaran və yeniliklər yaradan şəxs. Mən haqqında daha çox danışmayacağam, çünki ölsəm belə, bəlkə də onu tam dərindən tanımayacağam.

 

Bu yaxınlarda birisi mənə "Nə çox danışırsan a, jurnalistsən ki, jurnalist", -dedi. Doğrusu, qəribə hiss etdim. Çox danışdığımdan deyil də, o, məni bu cür gördüyünü dediyində sevindiyim üçün qəribə hiss etdim.

 

"Demək birisi daha anladı məni. Biri daha məni tanıdı".

 

Ən gözəl şeylərdən biri insanların sizinlə pulunuza filan görə deyil də, siz olduğunuz üçün danışmasıdır.

 

Öz adıma danışacaq olsam, ilk önəm verdiyim şey insanın pulu deyil, onun şəxsiyyətidir. Çünki şəxsiyyəti olmayan birinin, mənə görə, dəyəri qəpiklə belə ölçülə bilməz.

 

Kimiləri statusa (vəzifəyə) baxır, kimisi üzə. Mən də dərs almışam, şəxsiyyətə baxıram.

 

"Deyirəm pul yoxdur, çox çalışacaqsan, yorucu olacaq!"

 

"Deyirəm olacaq, alınacaq doğru yolda olsam, çox çalışsam, savaşaraq yorulmaqdan qorxmasam. Anlada bilirəm?"

 

Mən çox şey dedim, özümdən çox danışdım, çox da sual verdim. Bilən bilər, vacib olmadıqca mənim üçün olan orta qədərdən uzun yazmamağa çalışıram, çünki kəlimələrin gücünə inanan insanam, uzunluğundan çox. Əgər sehrlidirsə, uzunluğuna da göz yunaram, problem deyil.

 

Hər nəysə, deyəsən, çox uzatdım. Bu yazdıqlarımdan nəyi unudursan unut, bu sualı unutma, "Bəs sən?".

 

Aydan Qasımova