Kürdəmirdə də qızılca virusuna yoluxmalar artır
Bölmə: Sosial › ,Tarix: 21:52 28.11.2023
Son günlər Kürdəmirdə azyaşlılar arasında qızılca virusuna yoluxanların sayı artıb. Və bu tendensiya davam edir. Hazırki məlumata əsasən rayonun 7 məktəbində xəstəliyin simptomları aşkar edilib, ümumilikdə Kürdəmir və ətraf rayonlarda 9 şagird xəstəxanaya yerləşdirilib.
Qızılca virusu ilə bağlı sonuncu dəfə Kürdəmirdə baş verən ölüm halı, üstəlik bir neçə gündür məktəblilər arasında yayılması rayon sakinlərinin ciddi narahatlığına səbəb olub. Amma rayon üzrə məktəb rəhbərləri narahatlığa əsas yoxdur deyir.
Sor-sor kənd orta məktəbinin direktoru Zeynal Səfərov bənzər hallarla rastlaşdıqlarını deyir: “Belə hal bizim məktəbin şagirdləri arasında da müşahidə olundu. Əvvəlcə 2-3 şagird arasında başladı. Uşaqların ailələri ilə əlaqə saxladılar və müalicəyə cəlb olundular. Hazırda vəziyyət tam sabitdir, keçirən şagirdlərimiz də sağlamlığına qovuşublar, öz dərslərini davam etdirirlər”.
Kürdəmir şəhər 1 saylı tam orta məktəbin direktoru Vüqar Nəsirov da məktəbdə virus hallarının olduğunu deyib: “Hazırda elə sinif var ki, 1-2 nəfər qızılca xəstəliyinə tutulub, amma əksər siniflərdə davamiyyət yüz faizdir, məktəbdə elə ciddi problem yoxdur. Biz də ciddi olaraq nəzarətə götürmüşük, əgər elə bir şagird aşkar olunursa dərhal valideynə və ya xəstəxanaya müraciət edirik”.
Atakişili kənd orta məktəbin direktoru Aytən Əkbərova bildirir ki, hazırda şagirdlərlə bağlı elə bir ciddi problem yoxdur: “Davamiyyətimiz yerindədir, dərslər davam edir”.
Kürdəmir rayon mərkəzi xəstəxanasından ARB 24-ə bildirilib ki, vəziyyət nəzarət altındadır. Sözügedən xəstəxananın baş həkimi Elvira Cavadova bildirib ki, Kürdəmir rayon 2 saylı tam orta məktəbinin 6 nəfər şagirdi, Kürdəmir rayon Pedi kənd orta məktəbinin bir nəfər şagirdi, Göyçay rayon Alpoud kənd orta məktəbinin iki nəfər şagirdi olmaqla müxtəlif tarixlərdə xəstəxanaya müraciət ediblər: “Onlardan beşi qız, dördü oğlandır. Pasientlərə hazırda zəruri tibbi xidmətlər göstərilir, stasionar şəraitdə müalicələri davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir”.
Qeyd edək ki, son günlər qızılca xəstəliyi ilə bağlı Kürdəmir rayon Mərkəzi xəstəxanasının yoluxucu şöbəsinə 80 yaxın müraciət daxil olub.
Gündüz