Qadınlardan pul tələb edən şəxs saxlanılıb
Bölmə: Sosial › ,Tarix: 22:00 28.11.2023
Sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb. Bir neçə rayon sakini polisə müraciət edərək “Instagram”da tanış olduqları şəxsin onlardan pul tələb etdiyini, əks təqdirdə barələrində rüsvayedici məlumat və fotoşəkillər paylaşacağını bildiriblər.
Əməliyyat-texniki tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Yaşar Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların şəkillərini paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara “Roman” adı ilə tanıdıb. Qadınlarla tanış olduqdan sonra dostunun xaker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq zamanı Məmmədovun analoji cinayətlər törətdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.