Dövlət qurumları adından saytlar açıb, vətəndaşların pullarını oğurlayırlar

Bölmə: Sosial › ,
Tarix: 22:05 28.11.2023

Dövlət qurumlarının adından saytlar açılır, vətəndaşlara asan və endirimli xidmətlər təklif edilir. Ən qəribəsi isə odur ki, sosial şəbəkələrdə reklam edilən bu saxta saytlarda şəxsi məlumatlarınızı görüb, adınıza yazılan cərimələrdən də xəbərdar olursunuz. Bəs bu necə baş verir? Mütəxəssislərdən örənmişik.

 

İlk dəfə sosial şəbəkədə sözügedən saytla qarşılaşanlardan biri də müsahibimiz Fərid Əliyevdir. Onun diqqətini cərimələrə edilən endirimlər çəkib. Dərhal istifadəsində olan avtomobilin dövlət qeydiyyat nişanını və digər məlumatlarını sistemə daxil edir, və problem bundan sonra başlayır.

 

Fərid Əliyev deyir: “Daxil oldum baxdım FİN kod tələb edir, fərdi identifikasiya nömrəsini daxil elədim. Adım, soyadım, bir parklanma cəriməm var idi, həmin cərimə orda görsəndi, hətta cəriməyə endirimi də orda görsəndi. Bir yaxınımın da başına gəlib. Daxil olub bu cür endirimdən istifadə etsin. Məlumatsız olduğuna görə, daxil edib məlumatlarını sonra sms gəlib”.

 

Elə hər şey bundan sonra başlayıb. Şəxsi məlumatlar sistemə daxil edildikdən sonra 900 manat onun kartından oğurlanıb.

 

Araşdırmalarla məlum olub ki, son günlər bənzər hadisə əksəriyyətin başına gəlib. Əslində insanları həmin sayta cəlb edən, inandırıcı fakt, yazılan cərimələrin dərhal sistemdə çıxmasıdır. Dəqiq məlumatı görən vətəndaş saytın saxta olmasına şübhə etmir. Bəs bu necə baş verir?

 

İKT mütəxəssisi Elvin Abbasov məsələ ilə bağlı belə fikir bildirib: “Bir çox yeni dələduzluq saytları yaradılır və fin kodu yazanda vətəndaşın şəxsi məlumatları ora gəlir. Və mən də bunu yoxladım. Piyada keçiddə daha öncəki illərdə cərimələndiyim məlumat sırf həqiqi bir məlumatdır, mənə aid olan cərimə ekrana gəlir. Bu, o deməkdir ki, Azərbaycanda data güvənliyi, data təminatı məsələsində ciddi problemlər var. Belə saytların saxta olduğunu anlamaq olduqca çətindir".

 

Ekspert hesab edir ki, ona görə də sistemə daxil olmazdan öncə bir neçə məqama xüsusi diqqət edilməlidir: “Azərbaycanda ödəmə sistemləri ya tətbiq üzərindədir, ya da saytlar. İkincidə Azərbaycan seqmentini ifadə edən "az" domenləri, yəni sonluq, birinci urvin domen "az" domeni olur. Əgər dövlət ödənişləridirsə gov.az olur. İnsanlara etibar etmələri gərəkən bir meyar vermək lazımdır artıq. Misal üçün sən bu loqonu görəndə, bu lisenziyanı görəndə bu sayta etibar edə bilərsən”.

 

Məsələdən Baş Dövlət Yol Polisi İdarəsi də xəbərdardır. Qurumdan ARB 24-ə bildirilib ki, vətəndaşlar son dərəcə diqqətli olmalıdır, çünki belə səhifələrin dövlət və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur. Qeyd edək ki, Daxili İşlər Nazirliyi də məsələni nəzarətə götürüb.