"250 manatla biz gedib harada kirayə qalaq?"
Bölmə: Sosial › ,Tarix: 22:16 28.11.2023
Yenə sökülən ərazi və yenə də ortaq məxrəcə gəlməyən tərəflər. MTK və sakinləri nəzərdə tuturuq. Paytaxtın daha bir ünvanında belə bir probem yaşanır. Detalları öyrənməyə çalışmışıq.
Ərazi Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsi. Özəl tikinti şirkətlərindən biri istismar müddətini başa vurmuş ikimərtəbəli binaların söküntüsünü həyata keçirir. Hazırda isə 8 ailənin yaşadığı binada söküntü işlərinin aparılması ilə bağlı danışıqlar gedir.Bir müddətdi tərəflər razılığa gələ bilmir. Sakinlər iddia edir ki, şirkət evlərinin sahəsinə uyğun onlara mənzillər vermir.
Problemlə bağlı söküntü aparan şirkətdən öyrəndik ki, sakinlərin evlərinin sahəsi ilə əllərində olan sənədlər üst-üstə düşmür. Sonradan əlavə edib qanunsuz artırma aparanlar var və onlar da buna uyğun mənzil sahəsi tələb edirlər. Şirkət nümayəndəsi vəd olunan kirayə puluna da aydınlıq gətirib: “Bu gün siz özünüz də maraqlansanız Lökbatanda kirayə ev qiyməti ən maksimal 400 manata qədərdir. Bu, yəni 3 otaqlı da ola bilər, 2 otaqlı da. Biz onlara 400 manat təklif eləmişik. Razılaşmayıblar. Özləri orada qanunsuz tikili aparıblar, həmin o qanunsuz tikililərlə bağlı həmin o qanunsuz tikiliyə uyğun sahə istəyirlər. Onlar ümumiyyətlə tikilidən çıxmaq istəmirlər. Deyirlər yox, siz binanı tikin hazır təmir eliyin sonra bizi ora köçürün. Biz də onları başa sala bilmirik ki, sizin yaşadığınız ərazini sökməsək biz orada bina tikə bilmirik”.
Məsələ ilə bağlı Qaradağ rayon icra hakimiyyətindən isə bidirilib ki, bu ərazilər 2016-cı ildə pilot layihəyə düşüb. Həmin tikinti şirkəti söküntü apardığı 2 binanı artıq təhvil verib. Bu binanın tikintisi tərəflər razılığa gələ bilmədiyindən ləngiyir.
Lamiyə