Ticarət obyektlərinin çoxunda təhlükəsizlik tədbirləri görülmür

Bölmə: Sosial › ,
Tarix: 23:22 28.11.2023

Bir neçə gün bundan əvvəl ölkənin müxtəlif ərazilərində bir neçə yanğın hadisəsi baş verdi. Bu yanğınlardan ən ciddisi isə "Dərnəgül" bazarında yaşandı. Yanğınlar nəticəsində bir çox sahibkara ciddi zərər dəydi. Hələ ki hadisənin nədən baş verdiyi müəyyən edilməsə də mütəxəsislər deyir ki, təhlükəsizlik tədbirlərinə düzgün əməl olunmaması da səbəblərdən biri ola bilər.

 

Ekspert Elmar Nurəliyev deyir ki, əslində tezalışan materialların satıldığı bir çox yerdə təhlükəsizlik tədbirləri görülmür: “Əfsuslar olsun ki, bəzi obyektlər var ki, yanğın təhlükəsizliyinə dair olan norma və standartlara riayət edilmir, heç obyektlərdə ehtiyat su çəni belə yoxdur. Yanğın hidrantları var, ancaq işləmir, nasosxanalara heç vaxt baxış keçirilməyib”.

 

Elmar Nurəliyev hesab edir ki, aidiyyəti qurumlar təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində nəzarəti gücləndirməlidir: “Əgər hər hansı obyektdə yanğın təhlükəsizlik qaydalarına riayət olunmursa, onlara məcburedici qərarlar çıxarılmalıdır ki bu norma və standartlara ciddi riayət edilsin. Hesab edirəm ki, bütün obyektlərdə bir təftiş, yoxlama aparılmalıdır, yəni yanğın təhlükəsinin norma və standartları varsa qısa bir müddətdə o pozuntuların aradan qaldırılmasına dair bir göstəriş verilməlidir”.

 

Əslində, qanunvericiliyə əsasən hər bir sahibkar təhlükəsizlik qaydalarına mütləq şəkildə əməl etməlidir. Əgər şəxs bu qaydalara əməl etmirsə cərimələnə və məsuliyyətə cəlb oluna bilər.