Övladlarınızı bu üsulla qızılcadan qoruyun-Həkimdən XƏBƏRDARLIQ
Bölmə: Sosial › ,Tarix: 21:56 29.11.2023
“Qızılca xəstəliyinin yayılmasının əsas səbəblərindən biri də son zamanlarda peyvəndlərin müntəzəm qaydada vurulmamasıdır. Valideynlər tərəfindən uşaqların peyvəndlərinə biganə yanaşılması, qızılca xəstəliklərinin artmasına gətirib çıxarır”.
Bu fikirləri İnformator.az-a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev bildirib.
“Biz, hazırda bir neçə ildir ki, bu tendensiyanın şahidi oluruq. Hər dəfə izah etməyə çalışırdıq ki, uşaqların peyvənd olunması mütləqdir”.
Həkimin sözlərinə görə, bu uşaqların peyvənd olunmaması təkcə, həmin uşağa təsir göstərmir, əksinə epidemik səviyyədə problemlərə gətirib çıxarır.
“Buna görə də, qızılcanın artmasının əsas səbəblərindən biri də, peyvəndlərin vurulmamasıdır. Əvvəlki illərlə müqayisədə, son zamanlar valideynlər peyvənd üsuluna çox biganə yanaşırlar. Koronavirus müddətində peyvəndlərə qarşı əks-kampaniyanın aparılması, peyvəndlərin gözdən salınması, müəyyən şayiələrin yayılması, məsələn: “peyvəndlərin faydası yoxdur”, “peyvəndlər zərərlidir”, bu şayiələr valideynləri peyvənddən soyutmağa səbəb oldu”.
Mərdan Əliyev deyir ki, xəstəlik zamanı bəzi kreativ, düşüncəli şəxslər bu peyvəndləri daim vurdurdular.
“Şayiələrə inanmağa meylli olanlar isə peyvənddən uzaqlaşdılar. Uşaqlarına peyvənd vurdurmayan valideynlər, övladlarının təhlükəli infeksiyalara yoluxmasına səbəb olurlar”.
Həkim düşünür ki, peyvənd olunmayan uşaqların təhlükəli infeksiyalara yoluxma göstəriciləri çox yüksəkdir.
“Burada söhbət tək qızılcadan getmir. Məsələn, məxmərək, detanus kimi bir sıra təhlükəli infeksiyalar var ki, onların qarşısını yalnız peyvəndlə almaq mümkündür. Koronavirus dövründə qorunmalar, təcrid olunmalar nəticəsində, uşaqlar da, böyüklər də təmasda olmadılar. Bu da bir sıra infeksion xəstəliklərin yayılmasının qarşısını aldı. Amma indi karantin qaydaları, maska məhdudiyyəti, sosial məsafə tələbləri aradan qalxıb”.
İnfeksionistin sözlərinə görə, bu məhdudiyyətlərin aradan qaldırılması, bir sıra infeksiya xəstəliklərin meydana çıxmasına səbəb oldu.
“Bu infeksiyanın qarşısını almaq üçün koronavirusda olduğu kimi sosial məsafə, maskalardan istifadə, əllərin yuyulması və s. bu halların heç biri keçərli deyil. Çünki qızılca xəstəliyi çox yüksək yoluxuculuğa malikdir. Maska taxmaqla, sosial məsafəni qorumaqla ondan qurtulmaq mümkün deyil. Deyək ki, bir otaqda bir neçə şəxs varsa, kim peyvənd olunmayıbsa, xəstəliyi keçirməyibsə, həmin şəxs yoluxacaq. Məsələn, bir böyük sinifdə bir şagird bu xəstəliyə yoluxubsa, digər qoruyuculuğu olmayanlar da yoluxmağa başlayacaqlar”.
Mərdan Əliyev qızılcanın qarşısının alınması üçün peyvəndlərin olunmasının vacibliyini vurğulayır.
“Bir də, mümkün qədər evdə oturmaq, insanlarla təmas da olmamaq da alternativ variantlar kimi qiymətləndirilə bilər”, - deyə həkim yekunlaşdırıb.
Sevinc Əliyeva