"Rus sülhməramlılarının bölgədə varlığına ehtiyac var"-Politoloq Züriyə Qarayeva

Bölmə: Sosial › ,
Tarix: 19:09 30.11.2023

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, sentyabrın 19-dan bu günədək Rusiya sülhməramlılarının ümumilikdə 12 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. Xatırladaq ki, Rusiya sülhməramlıları Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

Politoloq Züriyə Qarayeva bu barədə informator.az saytına müsahibə verib.


"Qarabağda sülhməramlıların hələ də mövcud olması üçtərəfli bəyanatın prinsipi əsasında gözlənilir. Məlum məsələdir ki, müvafiq bəyannamədə sülhməramlıların Qarabağ ərazisində 2025-ci ilə qədər mövcud olacağı ilə əlaqədar müddəa var. Ona görə də həmin müddət tamamlanmadan onların bölgədən çıxarılması hələlik ki, reallığa uyğun görünmür".

 

Politoloq qeyd edir ki, bölgədə yaşayan ermənilərin azərbaycanlılarla birgə yaşayışını təmin etmək məqsədilə rus sülhməramlı qüvvələr bölgəyə gətirilib. Lakin anti-terror tədbirlərindən sonra ermənilərin böyük bir qismi bölgədən könüllü olaraq köç etdi. Kiçik bir qisim də olsa, Azərbaycan torpaqlarında yaşayıb, Azərbaycan qanunvericiliyini qəbul etməklə bağlı razılıqlarını ifadə ediblər.

 

"Düşünürəm ki, bununla da bağlı rus sülhməramlılarının bölgədə varlığına ehtiyac var. Digər tərəfdən həm də bundan sonra baş verəcək proseslər 2025-ci ilə qədər həllini gözləyən müəyyən problemlər var ki, bu problemlərin də həlli ilə bağlı rus sülhməramlıların missiyasında müəyyən dəyişikliklər ola bilər"-deyə politoloq qeyd edib.

 

Züriyə Qarayeva sonda qeyd edir: "Düşünürəm ki artıq 2025-ci ildən sonra rus sülhməramlı qüvvələrinin bölgədən çıxarılması prosessi həyata keçiriləcəkdir".

 

Gülay Qəribova