Belə təhdidlərdən qorunmaq üçün ilk növbədə maarifləndirmə işləri zəruridir- Ekspert Açıqladı
Bölmə: Sosial › ,Tarix: 20:45 30.11.2023
"Cəmiyyətin media savadlılığı artırılmalı, insanlar informasiyanın məzmununu fərqləndirməyi bacarmalıdırlar". Bu sözləri Informator.az-a açıqlamasında Beynəlxalq media eksperti, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli söyləyib.
"Sosial şəbəkələrdə mövcud olan problemlər əsasən 2 qrup üzrə təsnifatlaşdırılır: Birinci qrupda texniki amillər, ikinci qrupda isə məzmunla bağlı nümunələr yer tutur. Texniki amillər deyərkən, sosial şəbəkə platformalarındakı profil hesabının təhlükəsizliyinin təmin edilməsi və bu istiqamətdə mövcud olan digər amillər nəzərdə tutulur".
Müşfiq Ələsgərli qeyd edir ki, təhlükəsizlik problemi təkcə sosial şəbəkə hesabları ilə bağlı deyil:
"Ümumilikdə bütün sahələrdə rəqəmsallaşmanın tətbiqi genişləndikcə, müvafiq olaraq kiber təhdidlər problemi də artır. Bu təhdidlər özünü müxtəlif forma və metodlarda göstərir. Ən çox rast gəlinəni haker təhdidlər, fişing hücumlardır. Ayrı-ayrı fərdlərə aid olan sosial şəbəkə hesablarının fişing hücumlarla ələ keçirilməsi, fərqli məqsədlərlə istifadə olunması halı geniş yayılmış problemdir. Belə təhdidlərdən qorunmaq üçün ilk növbədə maarifləndirmə işləri zəruridir".
Ekspert bildirir ki, statistikaya görə, kiber hücumçuların effekti 70 faiz insan amilindən asılıdır:
"Kiber məkandan istifadə edən şəxslər təhlükəsizlik qaydalarını öyrənməli və öyrəndiklərini düzgün tətbiq etməlidirlər. Əgər təhlükəsizlik qaydalarına əməl olunarsa, xoşagəlməz durumdan yayınmaq da mümkün olar. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan dövləti bu cür təhdidlərlə üzləşən şəxs və qurumlara yardım göstərilməsi, problemlərin aradan qaldırılması üçün ixtisaslaşmış təsisat yaradıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti formalaşdırılaraq effektiv fəaliyyəti təmin edilib. Tövsiyə edərdim ki, rəqəmsal platformalardan, o cümlədən sosial şəbəkələrdən istifadə edən şəxslər Elektron Təhlükəsizlik Xidmətinin təlimatları ilə tanış olsunlar. Həmin təlimatlarda yer tutan qaydaları öz fəaliyyətlərində tətbiq etməklə, təhdidlərdən də yayınmaq olar".
M.Ələsgərli məsələnin ikinci tərəfinin sosial şəbəkə hesablarında yayılan məzmunla bağlı olduğunu söyləyir:
"Təəssüf ki, sosial şəbəkə platformaları "saxta xəbər", "nifrət nitqi" və sair bu kimi məzmunların dövriyyəsi üçün münbit məkan rolunu oynayır. Təcrübə göstərir ki, məzmunla bağlı problemlərin də aradan qaldırılmasının tezliklə mümkün olacağı gözlənilmir. Cəmiyyətin media savadlılığı artırılmalı, insanlar informasiyanın məzmununu fərqləndirməyi bacarmalıdırlar. Amma bu, bir prosesdir və uzun müddət davam edəcək. Media savadlılığının artırılması ilə paralel olaraq, ölkədə qanunların rəqəmsal mühitə uyğunlaşdırılması prosesi də yürüdülür. Yaxşı olardı ki, sosial şəbəkə istifadəçiləri xəbər standartlarını ehtiva edən sənədlərlə, həmçinin, xəbər prinsiplərinin pozulmasına görə yaranan hüquqi məsuliyyət müyarları ilə tanış olsunlar. Bunları öyrənməklə, onlar həm özləri təhdidlərdən qoruna bilərlər, həm də yaydıqları xəbərlərlə başqalarının hüquqlarını pozmaqdan yayınarlar".
Aydan İsayeva