Sosial şəbəkələrin uşaqlara təsiri-Psixoloqdan XƏBƏRDARLIQ
Bölmə: Sosial › ,Tarix: 14:45 01.12.2023
Sosial şəbəkələr gündəlik həyatımızın bir hissəsinə çevrilib. Artıq sadəcə böyüklər yox, azyaşlılar da bundan istifadə etməyə başlayıb. Onlar müxtəlif "ağıllı cihazlar" vasitəsi ilə oyunlar oynayır, sosial platformalardakı müxtəlif videolara, xüsusilə, "reels" "shorts" adlanan kiçik videoları izləyirlər. Bəs, müxtəlif mövzulardakı bu videoların izlənməsi uşaqların psixologiyasına necə təsir edir?
Sözügedən məsələ ilə bağlı informator.az-a açıqlama edən psixoloq Nabat Mirzəyeva qeyd edir ki, azyaşlıların "tiktok" və "youtube" kimi platformalardakı kiçik videoları, reelsləri izləməsi uşaqlar üçün doğru deyil. Çünki həmin videolarda şüuraltı mesajlar var və bu mesajlarda insanları, heyvanları incitmək, böyüklərə məxsus olmayan hərəkətlər təbliğ edilir.
"Məsələn, uşaqlar böyükləri başqa cür təsəvvür etsələr də izlədikləri kiçik videolardakı insanlar abartılı, incidici, qeyri-qanuni hərəkətlər edirlər, digər insanlar isə bu hərəkətlərə gülməyə başlayır. Bu da uşaqların şüuraltında "biz də kimisə incidə bilərik", "incitmək səhv hərəkət deyil,bunu böyüklər də edir", "bu davranışlar paylaşılır, deməli, "biz də edə bilərik" kimi fikirlər formalaşdırır".
Müsahib bildirir ki, videolar qısa olduğu üçün sürətli şəkildə uşaqların şüuraltına yeridilir və onlara qəzəbi, kini, nifrəti öyrədir.
"Əgər uşaqlar bu videoları izlədikləri zaman valideynin varsa, bunu idarə edə bilər. Ancaq əgər valideynin nəzarəti yoxdursa, uşaq sosial şəbəkələrdəki videoları izləyə bilər, doğru olmayan hərəkətləri görə bilər, nəticədə uşaq gördüyü hərəkətləri təkrarlayacaq".
Psixoloq məsləhət edir ki, valideynlər övladlarının nələrə baxdığından, hansı proqramlardan istifadə etdiyindən xəbərdar olmalıdır, onlar çalışmalıdırlar ki, uşaqları ilə danışsınlar.
"Sosial şəbəkələrdəki zorakılıqlar, şiddət videoları azyaşlılarda "ruhsal zorakılıq" yarada bilər".
Valideynlər nə edə bilər?
Nabat Mirzəyeva qeyd edir ki, telefonlar, hansı proqramların yükləndiyi mütləq şəkildə izlənilməlidir.
"Uşaqlara bunların niyə izlənməməli olduğunu, hansı hərəkətlərin bizdə nələr yarada biləcəyini, nəyə vadar edə biləcəyini, bəzi oyunların bizi necə dəyişə biləcəyini, hansı fəsadları yaradacağını uşaqlara başa salmaq lazımdır. İndiki dövrdə sosial şəbəkələrin qarşısını ala bilmərik, ancaq övladlarımızı sosial şəbəkədən qoruya bilərik".
Nəzrin Mirzəyeva