Regionlarda "Qəhrəmanını tanı" layihəsi həyata keçirilib  

Bölmə: Sosial › ,
Tarix: 18:16 01.12.2023

“Böyük Qayıdış” Gənclər Təşkilatı Vətən müharibəsində iştirak etmiş qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq məqsədilə regionlarda “Qəhrəmanını tanı” layihəsi təşkil edib.

 

Layihə çərçivəsində Mingəçevir Dövlət Universitetində, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində və Lənkəran Dövlət Universitetində Vətən müharibəsi qaziləri ilə tələbə gənclərin silsilə görüşləri həyata keçirilib.

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə həyata keçirilən görüşlərdə təşkilatın idarə heyətinin üzvləri, tərəfdaş qurumların nümayəndələri, Vətən müharibəsi qaziləri və tələbə gənclər iştirak ediblər.

 

Çıxış edən natiqlər bu kimi layihələrin keçirilməsində əsas məqsədin qələbənin əldə olunmasında gənc döyüşçülərin rolunun diqqətə çatdırılması, qəhrəmanlıq ənənələrinin qorunması, onların gələcək nəsillərə ötürülməsi, eyni zamanda, gənclərimizin milli-mənəvi dəyərlərə sadiq, hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsi olduğunu vurğulayıblar.

 

Müharibədə zəfərin qazanılmasında hərbi qulluqçuların döyüş qabiliyyətinin və ruh yüksəkliyinin mühüm rol oynadığını diqqətə çatdırıblar.

 

Qeyd olunub ki, düşmənə qarşı vuruşan döyüşçünün qalibiyyət əzmi onun yenilməzliyinin təməlində dayanan başlıca cəhətdir. Hərb tariximizin şərəfli səhifəsi olan və bizi qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.

 

Görüşlərdə qazilərimiz özlərinin keçdiyi döyüş yolu ilə yanaşı, döyüş yoldaşlarının qəhrəmanlıqlarını da gənclərin diqqətinə çatdırıblar.

 

Qazilərin çıxışından sonra görüşlər sual-cavab formatında davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, təşkilat tərəfindən ötən illərdə bu formatda görüşlər Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən ali təhsil və orta ixtisas təhsili müəssisələrində təşkil olunub.