Ən azı 2 həftəlik məktəblər bağlanmalıdır-Ekspertdən xəbərdarlıq

Bölmə: Sosial › ,
Tarix: 16:30 04.12.2023

"Hazırda ölkənin 4432 orta təhsil məktəbində 1.6 milyon şagird təhsil alır və bu o deməkdir ki, hər gün kifayət qədər böyük sayda ailədən olan uşaqlar məktəblərə gedirlər və evə qayıdırlar. Əlbəttə, onlar məktəbə gedən zaman öz sinif yoldaşları ilə ictimai nəqliyyatdan istifadə edərkən digər insanlarla ünsiyyətdə olurlar. Və bu da hər hansı yoluxmuş şəxslə birbaşa əlaqəyə keçmə ehtimalını çoxaldır”.

 

Bu sözləri informator.az-a acıqlamasında təhsil eksperti Kamran Əsədov söyləyib. Ekspertin sözlərinə görə, xəstəlik müddətində təhsil prosesində fasilələr olmalıdır.

 

“Hazırda mövsümi xəstəliklərin də baş verdiyini, Azərbaycanda koronavirus infeksiyasına görə pandemiyanın başa çatmadığını nəzərə alsaq, müəyyən müddət tədris prosesində məsafəyə ehtiyac var”.

 

Ekspert qeyd edir ki, təkcə bizim təhsil sistemimizdə 1.6 milyon şagird orta, 187 min tələbə ali məktəblərdədir, eyni zamanda bizim subbakalavrlar və peşə təhsili alanlarımız da var.

 

“Həmçinin bizim kifayət qədər böyük sayda-220 minə yaxın müəllim kontingentimiz var. Yəni, hər gün ən azı 2 milyon insan tədris prosesində iştirak edir. Bu o deməkdir ki, hər hansı bir yoluxma faktı digər insanlara sürətlə yayılmağa imkan verə bilər”.

 

Kamran Əsədov çox təəsüflə bildirir ki, hazırda mövsümi xəstəliklərlə bağlı vaksinasiya olmamış, yaxud digər tədbirlərə cəlb edilməmiş uşaqlar arasında qızılca, suçiçəyi, malariya və digər xəstəlikləri biz müşahidə edə bilirik.

 

"Burda iki məsələ var. Birincisi, orta təhsil məktəblərində tibbi xidmətin göstərilməsindəki problemlər, ikincisi isə məktəblərə gedən şagirdlərin müayinəyə cəlb edilməməsidir. Va bu amillər təbii ki, yoluxma sayına öz təsirini göstərir. Çox təəsüf ki, artıq ölən şagirdlərimiz və distant təhsilə keçən məktəblərimiz var”.

 

Ekspert məsələnin həlli yolunu yoluxmanın əhatə dairəsini qısaltmaqda görür.

 

"Yəni məktəblərdə qeyd etdiyim kimi, Bakı şəhərində 487 min şagird təhsil alır, 28 min müəllim prosesə cəlb olunub. Böyük rəqəmlər var və insanlar arasında kommunikasiyada ara məsafəsinin gözlənilmədiyi məkanlar sırasında biz məktəbləri görə bilərik. Ona görə də yoluxma saylarını müşahidə edildiyi məktəblərdə mütləq şəkildə ən azı 14 gün dərslər onlayn şəkildə olmalıdır, dərs prosesinin ənənəvi formada təşkilinə icazə vermək olmaz”.

 

Kamran Əsədov düşünür ki, ənənəvi təhsil insanların sağlımlığında təhlükəli fəsadlara səbəb ola bilər.

 

“Məktəblərdə ərazi üzrə tibbi xidmətin göstərilməsi ilə bağlı mövcud problemlər- tibb otaqlarının olmaması, tibb bacısı xidməti göstərənlərin sayındakı azlıq məktəblərdə ilkin tibbi yardımı göstərməyə mane ola bilir. Ona görə də birmənalı şəkildə belə deyək ki, yoluxma faktının müşahidə edildiyi ərazilərin, xüsusən distant təhsilə keçməsini təmin etməliyik, mütləq şəkildə dərslər distant formada olmalıdır”, - deyə ekspert yekunlaşdırıb.

 

Aynur Babayeva