"Kütləvi vaksinasiyalar başlanacaq"- Adil Qeybulla həyəcan təbili çalır
Bölmə: Sosial › ,Tarix: 20:47 05.12.2023
Son günlər ölkəni silkələyən qızılcanın yayılma səbəbləri nələrdir, qızılcadan necə qorunmaq olar? Bu suallarla tibb üzrə elmlər doktoru Adil Qeybullaya müraciət etdik.
"Qızılcanın bütün dünyada artım tempi müşahidə edilir. Bunun səbəbi tam aydın deyil. Qızılcanın belə sürətlə yayılması təkcə vaksin olunmamaqla bağlı deyil". Həkim Adil Qeybulla qeyd edir ki, Azərbaycanda vaksinasiyadan yayınmaq bu məsələdə ciddi rol oynayır. Belə ki, həm pandemiya dövründə, həm ondan əvvəl, həm də sonra valideynlər imtina ərizələri yazaraq, müxtəlif yollarla bütün peyvəndlərdən yayınırdılar. "Əslində qızılca rəsmi peyvənd təqvimi ilə hər bir uşağa 2 dəfə vurulmalıdır. Təəssüflər olsun ki, bu gün uşaqların əksəriyyəti peyvənddən kənardadılar. Ona görə də bu mənzərə yaranıb".
Tibb üzrə elmlər doktoru deyir ki, bu məsələ ilə bağlı epidemoloji situasiyanı nəzərə alaraq təcili tədbirlər görüləcək, kütləvi vaksinasiyalar başlanacaq. "Əks təqdirdə infeksiya zəncirini qırmaq olmaz. Ona görə də hesab edirəm ki, valideyinlər də yaranmış situasiyadan nəticə çıxarmalıdırlar. Vaksinasiya bu gün bizim uşaqların təhlükəsizliyi üçün önəmlidir". Sonda Adil Qeybulla milli peyvənd təqvimi üzrə bütün peyvəndləri almağın zəruriliyi diqqətə çatdırır.
TEHRAN