Sərbəst bazar yox kimidirsə, reytinq güvən vermirsə, az izlənmənin özü də uğur sayıla bilər- Ekspertlər səbəbləri AÇIQLAYIR
Bölmə: Araşdırma › ,Tarix: 21:00 05.12.2023
Həyatımızın bir parçasına çevrilən sosial şəbəkələr ənənəvi medianı arxa plana keçirib desək, yanılmarıq. Hadisə baş verən andaca xəbər sosial şəbəkədə öz əksini tapır. İnformasiyanın belə əlçatanlığı televiziyaya olan tələbatı minimuma endirir.
Media eksperti Səbinə İzzətlinin sözlərinə görə, insanlar informasiyanı sosial mediadan daha Rahat əldə edirlər. Məlumat daha çevik olur, eyni zamanda sosial medianın gündəmi daha rəngarəngdir. Fərdə yönəlik kontent olduğu üçün bu daha cəlbedici gəlir insanlara. "Televiziya əgər ənənəvi qaydada yayıma davam etsə, bu heç də xoş bir proqnozlar vəd eləmir.Ona görə yaxşı olar ki, formatdan tutmuş məzmuna kimi dəyişikliklər olsun. Həm yeni nəslin, həm bu texnoloji inkişafı ayaq uyduraraq verilişlərin hazırlanması bəlkə durumu bir qədər yaxşılaşdırar".
Televiziya kanallarından alınan məlumatın qərəzsiz, tərəfsiz olma prinsipi sosial şəbəkələrdə pozulur. Sosial şəbəkədən aldığımız informasiya haqqında bizə ötürən mənbənin hadisəyə baxış bucağı qədər məlumatlana bilirik. Ekspert Qulu Məhərrəmli deyir ki, tamaşaçı televiziyaya ona görə baxır ki, orada ekranlardan onun üçün maraqlı, günlə səsləşən, ona fayda verə bilən, onu bilikləndirən, onu maarifləndirən veriliş olsun. "Əgər bu tip verilişlər yoxdursa və yaxud azdırsa və yaxud onu peşəkarlıqla hazırlayan yoxdursa, onda təbii ki, tamaşaçı həmin televiziya kanalına baxmaqdan imtina edir. Bizim televiziyaların ən ciddi problemi tamaşaçı itirməklə bağlı ən ciddi problemin peşəkarlığın, sərbəstliyin, tamaşaçının marağının nəzərə alınmamasıdır".
Ekspert Azər Həsrət televiziyaların az izlənməsinin səbəbini yeni texnologiyaların sürətlə inkişaf etməsində görür. "Artıq alternativlər o qədər çoxalıb ki, insanlar televiziyalara o qədər də etibar etmirlər, yaxud da yeni alternativlər daha çox tənqidə yer verdiklərinə görə televiziyalar bu rəqabətdə uduzur, yəni məsələnin kökü bundadır".
Media eksperti Zeynal Məmmədli isə deyir, sərbəst bazar yox kimidirsə, reytinq ölçümü güvən vermirsə, az izlənmənin özü də uğur sayıla bilər. "Menecment peşəkarlıqdan çox uzaqdırsa, reklam bazarı qapalıdırsa, medianın müstəqilliyi şübhə doğurursa, sosial media özünü peşəkar adlandıranları üstələyirsə, maaş və qonorarlar yetərsizsə, sosioloji sorğular yox dərəcəsində və gərəksiz sayılırsa, TV-lərin durumu bəlli".
Əhatə dairəsi daha geniş, tribunası daha əlçatan olan sosial şəbəkələrə təslim olmamağın yeganə yolu medianın sosial şəbəkəyə çıxışıdır. Bu, tək Azərbaycanda yox, bütün dünyada belədir. Dünyanın hər yerində sosial şəbəkələr üstünlüyü öz üzərinə götürüb.
Ayşə Zeynallı