AZƏRBAYCANIN YAŞIL ENERJİYƏ KEÇİDDƏ FƏALİYYƏTİ VƏ İMKANLARI İNTERAKTİV ŞƏKİLDƏ TƏQDİM OLUNUR

Bölmə: Sosial › ,
Tarix: 22:48 05.12.2023

   Dubayda oturub Füzulidə ağac əkmək imkanı verən Azərbaycan pavilyonu. 5 gündür davam edən COP28 iqlim dəyişiklikləri sammitində Azərbaycanın bərpa olunan enerji potensialı barədə ziyarətçilərə ətraflı məlumatın təqdim olunduğu pavilyon açılıb.

   Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında ilk dəfə pavilyonla təmsil olunur. Mövzusu isə iqlim dayanıqlığı üçün davamlı həllərin rəhbər tutulmasıdır.

   COP28-də Azərbaycan pavilyonunun əməkdaşı Gülnar Hacızadənin ARB Xəbərə verdiyi məlumata görə, pavilyonu fərqləndirən ölkənin enerji potensialı barədə geniş informasiyanın interaktiv və bir qədər əyləncəli üslubda ötürülməsidir. Azərbaycan guşəsinə baş çəkənlər azad olunmuş ərazilərin yaşıllaşdırma prosesinə də töhvə verə bilirlər.

    Pavilyon müxtəlif ölkələrdən sahibkarlar, ekoloqlarla, qeyri-hökumət təşkilatları ilə yanaşı dövlət rəsmilərinin də diqqət mərkəzinə düşməyi bacarıb. Azərbaycan pavilyonu COP28-in son gününə - dekabrın 12-nə qədər ziyarətçilərin ixtiyarında olacaq.

NƏRİMAN HÜSEYNZADƏ