ZƏMANƏT KAĞIZI VERİLMƏYƏN MALLAR 2 İL ZƏMANƏTLİ HESAB OLUNUR"
Bölmə: Sosial › ,Tarix: 22:57 05.12.2023
Qeyri-ərzaq məhsulları alanda bəzi müəssisələr zəmanət kağızı verir. Həmin talona əsasən alınan məhsullarda hər hansı problem yaranarsa, bu avadanlıqları mağazalar təmir etmək məhsuliyyətini üzərinə götürürlər. Təbii ki, müəyyən müddət ərzində.
Amma bəzi mağazalar bu məsuliyyətdən yayınır, zəmanət talonunu vermirlər. Mütəxəsislər isə deyir ki, istehlakçıya zəmanətlə bağlı hər hansı sənəd verilməyibsə, bu zaman məhsul iki il müddətində zəmanətli sayılır.
Söhbət qeyri-ərzaq məhsullarının zəmanətindən gedir. Qanunvericiliyə əsasən, belə məhsulların hər biri zəmanətli olur. Əgər malı aldıqdan sonra istehlakçı hər hansı problemlə qarşılaşarsa, aldığı müəssisə həmin əşyanı təmir etmək üçün müəyyən müddət məsuliyyət daşıyır. Müddət 1 aydan 10 ilə qədər ola bilər. Bu alıcı və satıcı arasında razılaşma yolu ilə təyin edilir. Əgər satıcılar zəmanət kağızı verməsə, bu zaman qanuni olaraq alıcıların məhsulları 2 il zəmanətli hesab olunur. Amma əksəriyyət bu hüquqlarından xəbərsizdirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, satıcı belə bir zəmanət kağızı və yaxud zəmanət talonu verməzsə, alıcılar həmin satıcıdan tələb etsinlər ki, zəmanət verilməməsi barədə bir sənət təqdim etsin. "Belə halda, əgər satıcı istehlakçıya malın zəmanət müddətini müəyyən etməzsə və müəyyən zəmanət müddətinə dair yəni ödənişsiz təmirə dair bir öhdəlik üzərinə götürməzsə, onda alıcının daha geniş hüququ olur. 2 il müddətində həmin malı zəmanətli təmir etdirmək hüququna malik olur".
Mütəxəsislərin sözlərinə görə, bəzi mağazalar zəmanət kağızını təqdim etmədiyi zaman bəhanə olaraq məlumatların sistemdə saxlanıldığını deyirlər. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə deyilir ki, bütün hallarda mağazalar texniki problem yaranan məhsulları təmir etməkdən və ya dəyişməkdən boyun qaçırarsa, qanunvericiliyə uyğun tədbirlər görülür. İstehlakçıların hüquqları pozulduğu zaman məhkəməyə müraciət etməsi üçün hər hansı dövlət rüsumu tələb olunmur.
SƏRXAN