Sığınacaqda 40 uşaq qızılcaya yoluxub-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:38 06.12.2023
Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub. Təşkilatın Sədri Kəmalə Ağazadə informator.az-a açıqlamasında qeyd edib ki, 3 həftəyə yaxındır ki, sığınacaqda yaşayan şəxslər arasında qızılçaya yoluxma halları olub.
Onun sözlərinə görə, yoluxma mərhələli şəkildə olub, çünki ilk yoluxanlar olduqda 20 saylı poliklinikaya xəbər verilib, həmin şəxslər izolyasiya olunub, amma öncədən ünsiyyət olduğu üçün digər uşaqlara da keçib.
"Ağırlaşan uşaqlar 1 saylı Uşaq İnfeksion Xəstəxanasına yerləşdirildi. Bu xəstəlik 3 həftə ərzində 40 uşağın hamısında özünü göstərdi və bu uşaqların heç biri zamanında peyvən olunmayıb. Çünki bizə gələndə onların heç birinin tibbi tarixçələri olmayıb. Biz İcbari Tibbi Sığorta ilə razılaşdıq ki, uşaqların hamısı peyvənd olunsun, ancaq yoluxduqlarına görə bu proses dayandı".
Müsahib əlavə edib ki, hal-hazırda 10-dan daha çox uşaq 1 saylı Uşaq İnfeksion Xəstəxanasında davamlı olaraq müalicə alırlar.
"8 uşağımız müalicə olunaraq sığınacağa qayıdıb, yüngül formada keçirənlər isə sığınacaqda 20 saylı poliklinikanın həkim və tibb bacısı tərəfindən gündəlik olaraq müayinə olunurlar, ağırlaşanlar dərhal təcili yardımla xəstəxanaya yerləşdirilir. 3 həftədir ki, sığınacağa uşaq qəbul edilmir və profilaktik tədbirlər, dezinfeksiya işləri davamlı olaraq aparılır".
Kəmalə Ağazadə qeyd edir ki, uşaqlarda yoluxma varsa, dərhal təcrid olunmalı və bu halın qarşısı alınması üçün karantin elan olunmalıdır.
Nəzrin Mirzəyeva