Peyvənd qiymətləri necə tənzimlənir? -İqtisadçı açıqladı
Bölmə: Sosial › ,Tarix: 22:02 06.12.2023
" Ümumiyyətlə dövlət özəl sektorda qiymətləri tənzimləmir. Səhiyyə Nazirliyi burada lisenziya verir. Səhiyyə obyektlərinə verilən lisenziyalarda qiyməti nə cür təyin etməsinə yox, səhiyyə standartlarına cavab verib-verməməsi kimi məsələlərə baxır". Bu sözləri informator.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli söyləyib.
İqtisadçı qeyd edir ki, ümumi şəkildə səhiyyə sistemində 3 mülkiyyətli səhiyyə ocaqları ola bilər.
"Bura dövlət səhiyyə ocaqları, özəl səhiyyə ocaqları, bələdiyyə səhiyyə ocaqları daxildir. Azərbaycanda bələdiyyə səhiyyə ocaqları olsa da, yox kimidir. Ümumiyyətlə Azərbaycanda bələdiyyələrin fəaliyyəti yox səviyyəsindədir".
Xalid Kərimli eyni zamanda qeyd edir ki, dövlət öz səhiyyəsində qiymətləri 2 formada tənzimləyir.
" İcbari tibbi sığorta paketinə daxil olan səhiyyə qiymətləri pulsuzdur. Bu paketə daxil olmayanların ödənişinin məbləğini isə dövlət müəyyənləşdirir. Adətən dövlət səhiyyə ocaqlarında qiymətlər ucuz olur".
İqtisadçı deyir ki, özəl dövlət peyvəndləmə xidmətini özündə verdiyinə görə artıq özəl səhiyyə ocaqlarına qiymət barədə hər hansı göstəriş verə bilmir.
"Çünki özü həmin xidməti təşkil edir. Mecburi peyvəndlər dövlət səhiyyə ocaqları vasitəsilə həyata keçirilir. Bizim əvvəldən gələn ənənələrimizin bir çoxu valideynlərin savadsızlığı ucbatından pozulub. Əvvəllər hər kəs peyvənd olunurdu, amma indi könüllü olaraq bunu vaxtında etmirlər".
Xalid Kərimlinin sözlərinə görə, dövlət bu xidmətləri pulsuz verdiyinə görə, artıq kimsə özəl sektorda bunu həyata keçirirsə, onun qiyməti dövlət üçün o qədər də əhəmiyyətli olmur.
"Biri var ki, bu təkcə özəl səhiyyə ocağında olsun, bu halda dövlət bunun vətəndaşın büdcəsinə uyğun olub-olmamasına baxardı. Həmçinin Avropa ilə müqayisədə bu qiymətləri baha hesab etmirəm".
Aynur Babayeva