“Məktəblilər sosial, soft skills bacarıqlar əldə edəcəklər”

Bölmə: Sosial › ,
Tarix: 11:14 07.12.2023

Məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmaları məqsədilə “Məktəbli könüllü” proqramına start verilir. Bəs, bu fəaliyyət məktəblilər üçün nə qazandıracaq? Ümumiyyətlə, könüllülük şagirdlər, tələbələr üçün nə dərəcədə faydalıdır?

Bu mövzuda fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov ilə həmsöhbət olduq. 

 

İlqar Orucov, ümumilikdə, könüllülük fəaliyyəti haqqında danışıb.

 

“Könüllülük şəxsin öz idarəsi və seçimi əsasında bir fəaliyyət növüdür. Bu fəaliyyətin qarşılığında heç bir ödəniş olunmur. Bütövlükdə, könüllülük insanların sosiallaşması, yeni bacarıqlar əldə etməsi, həyata əlavə zövq qatılması, insanın şəxsiyyət olaraq formalaşması baxımından faydalıdır”. 

Ekspertin düşünür ki, məktəblərdə “Məktəbli könüllü” proqramının başlanılması ilə bu xarakterlər formalaşa bilər.

 

“Bu proqramlarda daha çox yuxarı sinif şagirdləri, tələbələr təmsil olunurlar. Azərbaycanda könüllülük hərəkatının geniş vüsət almasının şahidiyik. Eyni zamanda, digər ölkələrdə də könüllülük fəaliyyəti geniş yayılıb. Bu daha kiçik, yeniyetməlik, gənc yaşlarından insanlarda könüllülük hərəkatının formalaşmasına xidmət edir. Elm və Təhsil Nazirliyinin “Bir könüllü” proqramı çərçivəsində təşkilat formalaşıb. Bu daha çox tələbə yönümlüdür. “Məktəbli könüllü” proqramı isə şagirdlər üçündür. Onların daha iradəli olmasına, kişik yaşlarından maraq dairələrinin genişlənməsinə, gələcəkdə karyeraları üçün faydalıdır. Məktəblilər akademik bacarıqlarla yanaşı, sosial, soft skills(yumşaq) bacarıqlar əldə edəcəklər. Həmçinin uşaq yaşlarından könüllülük fəaliyyətinə qoşulanlar üçün həyatın növbəti mərhələlərində geniş üfüqlər açılır. Avroviziya Mahnı Müsabiqəsi Bakıda keçirilərkən, 1-ci Avropa Oyunları, Formula 1 yarışları, 4-cü İslam Həmrəylik Oyunları kimi tədbirlərdə könüllülərin əvəzsiz xidməti olub”. 

Ekspert sonda qeyd edir ki;

 

"Könüllülük fəaliyyəti ciddi nizam-intizam tələb edir".

 

Sayad Qoşnalıyeva