Bəzi materiallar yaş həddinə uyğun salınmalıdır- Təhsil eksperti
Bölmə: Sosial › ,Tarix: 13:36 07.12.2023
İkinci sinif Azərbaycan dili fənni üzrə dərsliyə salınan bir şeirlə bağlı saytımıza irad daxil olub. İradda şeirin dilə yatqın, mövzusunun 2-ci sinif şagirdinə uyğun olmadığı qeyd edilib.
İnformator.az sözügedən məsələ ilə bağlı araşdırma edib. Valideyn Xuraman Ələkbərzadə düşünür ki, uşaqlar belə şeirləri çətinliklə öyrənirlər, çünki dilə yatan deyil və uşaqlar öyrənərkən tez-tez çaşırlar.
Valideyn qeyd edir ki, onun övladı yaxşı oxuyan şagirdlərdən biri olsa da, bu şeiri öyrənməyə çalışdıqda çətinlik çəkib.
İkinci sinif müəllimi Sevda Məmmədova da məsələ ilə bağlı saytımıza açıqlama edib. Müəllim deyir ki, o, sualımızdan sonra şagirdlərindən şeiri təkrar soruşub və bu şeir şagirdlərinin yadında olub, hətta bir neçəsi şeiri söyləyib:
"Düzdür, qafiyələrin uyğunsuzluğu şeiri öyrənməkdə çətinlik yaradır. Amma fikrimcə, əgər müəllim dərsi düzgün izah edib, şagirdlərə düzgün aşılayırsa, şagird də o dərsi yaxşı mənimsəyir və yadda saxlayır".
Müsahib əlavə edir ki, şeiri əzbərləmək yox, onun məzmununu anlamaq lazımdır:
"Burada atanın kim olduğu bildirilir. Yəni, şagirdə öyrədir ki, ata nənənin oğlu, əminin qardaşı, bacının atasıdır və s. Düzdür, daha asan, diləyatan şeirlər də yazmaq olardı".
Sevda Məmmədova sonda bildirib ki, o, daha çox dərsliklərdə olan qrammatik səhvlərdən narazıdır:
"Məncə, dərsliklər ideal olmalıdır. Bir yox, bir neçə dəfə yoxlanılıb, istifadəyə verilməlidir.
Dərslik bilik mənbəyidir. Belə səhvlər dərsliyin etibarlılığını itirir".
Təhsil eksperti Elçin Murad isə deyir ki, bu mövzu iki tərəflidir.
"Bir tərəfdən bu şeirin salınması lazımdır, çünki uşaq qohumluq əlaqələrini tanımalı, bilməlidir. Ancaq başqa bir tərəfdən isə salınmamalıdır, çünki belə şeirlərin salınması 4-cü, 5-ci sinifdən, uşaq psixoloji cəhətdən müəyyən qədər hazırlandıqdan, düzgün reaksiya vermək baxımından inkişaf etdikdən sonra onun belə şeir tipləri ilə tanış olmağı normaldır. Çünki valideynini itirən uşaqların sayı çoxdur və bu uşaqlarda müəyyən qədər travmaya səbəb olan hadisədirsə, o uşaq belə bir şeir nümunəsi ilə rastlaşdıqda onda əks reaksiya yarana bilər, azyaşlı cəmiyyətə qarşı daha qapanıq vəziyyətə keçə bilər.
Bəzi materiallar var ki, yaş həddinə uyğun salınmalıdır".
Ekspert qeyd edir ki, şagirdlər yaş həddi və psixologiyasına görə analiz edilməli, bunun əsasında sual, dərs tərtib edilməlidir:
"Belə şeirlər günümüzdə gənc yaşda ölümlər artıb, xəstəlik,qəza və s. səbəbilə, o cümlədən, Qarabağ müharibəsində atasını itirən şagirdlərin müəyyən qədər özlərinə qapanmasına səbəb ola bilər. Buna görə də 4-cü, 5-ci sinifdə, uşaqlar həyatı bir az daha tanıyıb, bildikdən sonra belə şeirlərin verilməsi daha yaxşı olar".
Sözügedən şeiri təqdim edirik:
Nəzrin Mirzəyeva