Avtomobildə yüksək səsli musiqidən istifadəyə görə cəza tətbiq edilə bilərmi?-Araz Əsgərlidən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 14:53 07.12.2023
“Avtomobillərdə yüksək səsli musiqidən istifadə edərək, ətrafdakı insanların narahatlığına səbəb olacaq hallara yol vermək olmaz. Bu cür hallar, məişət səs-küyünün artırılması, nəzərdə tutulan normalardan çox olması inzibati tənbeh tədbirlərinin seçilməsi üçün əsasdır”.
Bu fikirləri İnformator.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. Onun sözlərinə görə, bu cəzanı tətbiq etmək hüququ, təkcə ərazi aiddiyyatı üzrə xidmət aparan şəxslərin öhdəliyindədir.
“Yol polisi bunun üçün ayrıca protokol tərtib etmir. Ərazi aiddiyyatı üzrə xidmət aparan şəxslər bu qaydanı pozan sürücüləri təhvil verməklə, toplanmış materiallara hüquqi qiymət verilməsini təmin edə bilər. Amma avtomobildə yüksək səsli musiqidən istifadəyə görə yol polisi cəza tətbiq etmək səlahiyyətində deyil”.
A.Əsgərli bildirib ki, müəyyən hallar daxilində yol polisi bu məsələni öhdəliyinə götürərək, cərimələr tətbiq edə bilər.
“Əgər sürücü avtomobildə xüsusi formalı səs siqnallarından istifadə edibsə, bu halda onlara 500-800 manat məbləğində cərimə tətbiq edilir və həmin avadanlıq məhkəmə qərarına əsasən, müsadirə olunur”.
Araz Əsgərli eyni zamanda, avtomobildə səsboğucu sistemlərinə müdaxilələr etmiş şəxslərə tətbiq olunan cərimədən də söz açıb.
“Avtomobillərin səsboğucu sistemlərinə müdaxilələr etmiş şəxslərə də yol polisi tərəfindən 500 manat məbləğində cərimə tətbiq olunur. Bu hal il ərzində ikinci dəfə təkrarlandıqda isə cərimənin məbləği 1000 manata qədər yüksəlir”, - deyə o, yekunlaşdırıb.
Həcər Əmiraslanlı