Qida anbarlarında dərmanlanma prosesi həyata keçirilməlidir-Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 20:47 07.12.2023
“Qida anbarları, xüsusilə də, un saxlanılan anbarlarda nəmişliyin olmaması məsələsinə xüsusi diqqət yetirilməlidir. Məsələ ilə bağlı, son günlər sosial şəbəkələrdə bir video öz əksini tapıb. Lakin bu videonun nə qədər dəqiq olması hələ də sual altındadır”.
Bu fikirləri İnformator.az-a açıqlamasında qida üzrə mütəxəssis Ağa Salamov bildirib. Mütəxəssisin sözlərinə görə, yayılan görüntülərdən də məlum olur ki, unun içində siçanlar var.
“Anbarlar elə təchiz olunmalıdır ki, orada gəmiricilər, həşaratlar, o cümlədən nəmişlik olmamalıdır, buna şərait yaradılmalıdır. Nəmişlik zamanı una qurd düşür və artıq həmin unun vaxtı keçmiş sayılır. Un quru anbarda və nisbi rütubətdə nəzərə alınaraq mühafizə olunmalıdır ki, həm nəm çəkib, xarab olmasın, həm də qurd düşməsin".
Ağa Salamov qeyd edir ki, un mütləq yerdən ən azı 20sm hündür məsafədə saxlanmalıdır.
"Un yerdən ən az 20 sm hündürlükdə olmalıdır, yerlə təmasda olmalı deyil. Çox vaxt görürük ki, yerdəki kağızların üzərinə un qoyurlar, ancaq bu düzgün deyil”.
Mütəxəssis bildirir ki, qida anbarlarında dərmanlanma prosesi həyata keçirilməlidir.
"Unun saxlandığı anbarlar, ümumiyyətlə qida anbarlarında gəmiricilərə qarşı dərmanlanma prosesi həyata keçirilməlidir. Dərmanlarma prosesi anbar boş olanda olmalıdır ki, qida ilə dərman təmas etməsin. Həmin ərazi təmiz olmalıdır, işçilərin vahid uniformaları olmalıdır, eyni zamanda işçilər həkim nəzarətindən keçmiş olmalıdır ki, undan hazırlanan çörəkləri sonra istehlakçı kimyəvi çirklənmə ilə qarşı-qarşıya qalmasın".
Aydan İsayeva