Siqaret depressiv və bipolyar pozuntu riskini artırır-ARAŞDIRMA
Bölmə: Sosial › ,Tarix: 22:26 07.12.2023
Danimarkanın Orxuss Universitetindən olan alimlər aşkar ediblər ki, siqaret çəkmə depressiv və bipolyar pozuntuların yaranması riskini artırır.
Psixoloq Fuad Əsədov bu barədə fikirlərini informator.az saytı ilə bölüşüb. Psixoloq qeyd edir ki, siqaret çəkmək insanda bipolyar pozğunluğa və depressiyaya səbəb ola bilər:
"Siqaret çəkən insanların tez-tez istifadə etdiyi belə bir cümlə var ki, siqaret məni rahatladır, nikotin məni rahatladır. Siqaret çəkən zaman həqiqətən də qısamüddətli bir rahatlanma hissi olur. Amma nikotinin təsiri ilə bir müddət sonra bu rahatlıq güclü bir narahatlıqla əvəz olunur. Dolayı yolla, siqaretin verdiyi stress və təşviş hissi, rahatlama hissindən daha uzun müddətlidir və buna görə də siqaret çəkən insanlarda daha çox aqresssiya müşahidə olunur".
Fuad Əsədov, siqaret çəkən zaman bədəndə baş verən bir sıra prosesslərdən bəhs edib:
"Bizim beynimizdə asetilxolin deyilən bir maddə var, bu ifraz olunur və bizim əhval-ruhiyyəmizi tənzimləyir. Beyində bütün maddələrin özünəməxsus reseptorları var. Hər bir maddə məhz özünün reseptorlarına təsir göstərə bilir. Məsələ burasındadı ki, siqaretin tərkibindəki nikotin bu asetilxolinin aqolistidir. Yəni nikotin asetilxolinin təsir etdiyi reseptorlara təsir edə bilir. Nikotin asetilxolinin tutduğu reseptorları məşğul etdiyi üçün beyində asetilxolin ifraz olunduqda onun təsir etməyə reseptoru qalmır. Asetilxolin bir müddət sonra ifraz olunmamağa başlayır, amma bizim ona ehtiyacımız var. Asetilxolin öz ifrazatını dayandırdığı zaman da insan da siqaretə bağlılıq yaranır. İnsan məcbur qalır, o ehtiyacını nikotinlə ödəyir".
Psixoloq deyir ki, insan bir müddət dözüb, çəkməsə, siqaret asılığına qalib gələ bilər:
"Bu zaman yenidən asetilxolin ifraz olunmağa başlayacaq. Hər şey yenidən qaydasına düşəcək".
Fuad Əsədovun fikirlərinə görə, insanlarda siqaretə qarşı psixoloji asılılıq da mövcuddur:
"Siqaret çəkən insanlar düşünürlər ki, bu onları daha “cool” (sərbəst) görsədir və ya sadəcə onları sakit saxlayır. İnsanlarda psixoloji olaraq siqaret çəkməyi, siqaret asılılığını başqa faktorlarla mənalandırma var. Buna görə də insanlar daha çox siqareti tərgitməkdə çətinlik çəkirlər".
Psixoloq qeyd edir ki, siqaret çəkmək bipolyar pozğunluğa gətirib çıxarar deyə bilmərik:
"Çünki siqaret çəkmək bipolyar pozğunluq yaratmaz. Amma əgər insanda bipolyar pozuntu varsa, siqaret çəkmək onun vəziyyətini ağırlaşdırar, müalicəni çətinləşdirər, simptomları daha üst səviyyəyə qaldırar. Buna görə də bipolyar pozğunluğu olan insanların siqaret çəkməsi onları daha pis, çıxılmaz vəziyyətə sala bilər. Bu, sadəcə bipolyara yox, depressiya, özgüvən əskikliyi, təşviş pozuntusuna aiddir. Fəqət bu da bir faktdır ki, bipolyar pozuntusu olan insanların siqaret çəkməyə meyli daha çoxdur".
Gülay Qəribova