"İctimaiyyət də bu sosial məsuliyyəti öz üzərinə götürməlidir"-Elçin Süleymanov

Bölmə: Sosial › ,
Tarix: 11:03 08.12.2023

Havaların get-gedə soyuması ilə məktəblərdə istiliklə bağlı problemlər yaranmağa başlayıb. Bununla bağlı təhsil eksperti Elçin Süleymanov informator.az saytına müsahibə verib.

 

Ekspert qeyd edir ki, məktəblərdə istiliklə bağlı olan problemlər artıq öz həllini tapmağa başlayıb:

 

"Alternativ olaraq bu qızdırıcıların daha müasir avadanlıqlarla əvəzlənməsi, demək olar ki, əksər məktəblərdə bu problemi azaldır. Elm və Təhsil Nazirliyinin bəyanatında qışa hazırlıq gedən dövrdə Azərbaycan məktəblərinin 70%-da istiliklə əlaqəli probleminin olmadığı söylənilir. Mən xüsusilə paytaxt və Abşeron ərazisində istilik sistemi ilə bağlı problem yaşanan məktəblərinin sayının çox az olduğunu deyə bilərəm. Çünki məktəblərin istilik sistemi ilə problem, əsasən, qaz təchizatındakı fasilələr, elektrik kəsintisi və s səbəblərinə görə baş verir".

 

Elçin Süleymanov bildirir ki, ucqar və soyuq ərazilərdə daha çox bu problemi müşahidə edə bilərik:

 

"Məktəblərin isidilməsi sadəcə təbii qaz və elektriklə əlaqəli deyil, eyni zamanda məktəbin infrastruktru da əhəmiyyətlidir. Pəncərələrin sınıq olmaması, siniflərin istiliyi saxlaması lazımdır. Əlavə sobalara icazə verilməməsinin səbəbi elektrik təchizatında qısa qapanmaların olması ehtimalına görə ola bilər. Həmçinin, o elektrik vəsaitinin ödənməsi, sərf olunan elektrikin ödənməsi məktəbin büdcəsinə uyğun olmaya bilir".

 

Ekspert, başqa sosial qurumların məktəblərin istilik sisteminə köməklik göstərə biləcəklərini qeyd edib:

 

"Təbii ki, burada valideynlərə istiliklə əlaqəli müraciət etmək, onlardan vəsait toplamaq çox arzu olunan hal deyil, amma məktəb-valideyn şuraları açıq dəhlizdə, yəni şəffaf şəkildə buna öz dəstəklərini göstərə bilərlər. Müəyyən biznes qurumları da sosial məsuliyyət layihələri ilə məktəblərin istilik sisteminə qatqı verə bilməlidirlər. Rayon icra hakimi, rayon ərazisindəki biznes qurumları məktəblərdəki istilik sistemi ilə bağlı olan problemlərə biganə yanaşmamalıdır".

 

Elçin Süleymanovun fikirlərinə görə, qlobal istiləşmənin nəticəsi olaraq havalar hər il bir az daha mülayim keçir. Ona görə də Azərbaycan məktəblərində çox ciddi bir istilik problemi görülmür:

 

"İqlim şəraitinə əsasən, bizdə soyuqlar, əsasən, yanvar və fevral ayında olur. Bu iki ayda bir az daha məktəblər həssaslıq göstərməlidilər. Hansı məktəblərdə qazanxana ilə problem varsa, düzdür, bunlar əsasən Elm və Təhsil Nazirliyi tərəfindən aradan qaldırılır, amma yenə də hər şeyi dövlətin üzərinə atmaq doğru deyil. İctimaiyyət də, biznes qurumları da, məktəb-ailə birlikləri, valideyn şuraları yardım edə bilər".

 

Ekspert sözlərini bu cümlələrlə bitirir:

 

"Azərbaycanda məktəblərin sadəcə 1/4-lik hissəsinə yardım lazımdır, başda müvafiq icra qurumları olmaq üzrə, ictimaiyyət də bu sosial məsuliyyəti öz üzərinə götürməlidir".

 

Gülay Qəribova