"Asılılıqdan qurtarır" dərmanlarının əsl üzü-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 12:30 11.12.2023
"Təkcə bu dərmanla siqareti tərgitmək mümkünsüzdür. Çünki ilkin olaraq insanda iradə və istək olmalıdır və özü bunu tək başına edə bilmirsə, psixoloqa müraciət etməlidir".
Bu sözləri İnformator.az-a açıqlamasında psixoloq, terapevt Könül Nağıyeva bildirib.
"Oğlan uşaqları siqareti öz istəkləri ilə çəkmirlər, onlar siqaret çəkilən mühitdə böyüdükləri üçün bu onlarda vərdiş halını alıb və bununla sanki kişi olduqlarını göstərmək istəyirlər".
Psixoloq deyir ki, məktəblilər arasında, yeniyetmələrlə daima bu haqda danışmalı, uşaqlar maarifləndirməlidirlər.
"Əksərən siqaret çəkənlərin hamısı deyir ki, babam da çəkib, indi də yaşayır. Lakin siqaret çəkənlər siqaretin bütün zərərli tərəfləri haqqında məlumatlı olmalıdırlar ki, bu düşüncədə olmasınlar".
Psixoloqun sözlərinə görə, "asılılıqdan qurtaran" dərmanların qəbulu həkim tərəfindən lazım bilinərsə, təyin olunur.
"Hətta deyərdim ki, siqaret çəkmək vərdişinin aradan qaldırılması üçün 25 gün yox, 40 gün lazımdır".
Könül Nağıyeva onu da vurğulayır ki, bu dərmanların özü də nikotindən ibarətdir, sadəcə dərman formasındadır.
Psixoloqun sözlərinə görə, bütün bunlarla yanaşı, psixoloji seans zamanı pasiyentin vəziyyətinə baxılır.
"Əgər pasiyentin vəziyyəti ağırdırsa, narkoloqa və ya psixoterapevtə yönləndirilir. Çünki lazımi dərmanı onlar təyin etməlidirlər".
Məryəm Abdullazadə