XIRDALANIN BİTMƏYƏN PROBLEMİ
Bölmə: Sosial › ,Tarix: 15:55 11.12.2023
Tullantı, üfunət, həşəratlar və çöl heyvanları... Söhbət Xırdalan şəhəri, Quşçuluq massivindən gedir.
Sakinlər iddia edirlər ki, zibillik uzun müddətdir təmizlənmir. Nəticədə bu yer ətrafa pis qoxu yaymaqla bərabər küçə itlərinin məskəninə çevrilib. Əsas problem isə zibilliyin fərdi yaşayış evlərinin bir addımlığında yerləşməsidir. Ərazidə yaşayanların sözlərinə görə, aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, tullantı yerinin dəyişilməsi, yaxud mütəmadi təmizlənməsi istiqamətində hər hansı addım atılmır.
Abşeron rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsindən isə bildirildi ki, bələdiyyələrin maddi-texniki vəziyyəti qənaətbəxş olmadığından bəzi hallarda sözügedən ərazi ilə yanaşı digər yerlərdə də məişət tullantılarının daşınmasında problem yaranır. "Yaranan vəziyyəti nəzərə alaraq ötən ildən başlayaraq rayon icra hakimiyyətinin daxili imkanları hesabına yeni texnikalar alınıb, 1000-dən artıq konteyner istifadəyə verilib. Amma Xırdalan ərazisində məskunlaşmanın sürətlə artması problemin daimi aradan qaldırılmasında çətinlik yaradır. Bu səbəbdən yeni texnika və konteynerlərin alınması davam etdirilir". Quşçuluq massivindəki zibillik ərazinin isə qısa zamanda təmizlənəcəyi və nəzarətdə saxlanılacağı bildirildi.
FİDAN