“Bünövrə təhsili nə qədər güclü olarsa…”
Bölmə: Sosial › ,Tarix: 21:18 11.12.2023
Elm və Təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib: Növbəti mərhələlərdə məktəbəqədər təhsil mütəxəssislərinin məhz ali təhsil sahəsində, yəni minimum bakalavr təhsil sahəsində hazırlanmasına nail olmalıyıq.
Bu qərarla yeni nələrə nail olunacaq? Bu mövzuda fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov ilə həmsöhbət olduq.
İlqar Orucov deyir ki, cənab nazirin fikirləri ilə tamamilə razıyam. “Təhsil səviyyəsi yüksək olan müxtəlif ölkələrin təcrübəsinə nəzər salanda görürük ki, cənab nazirin dediyini həmin dövlətlər çoxdan ediblər. Məsələn, Finlandiya təhsili:sistem olaraq mükəmməl mexanizm qurulub. Finlandiya öz təhsil səviyyəsi ilə həmişə qürurlanır, fəxr edir. Finlandiyada məktəbəqədər və ibtidai təhsil pilləsində dərs deyən müəllimlər minimum magistr səviyyəsində olan mütəxəssislərdir. Həm məktəbəqədər təhsil, həm ibtidai təhsil, ümumilikdə, təhsilin bazası rolu oynayır. Bünövrə təhsili nə qədər güclü olarsa, gələcəkdə şagirdlərdən daha yaxşı uğurlar gözləniləcək”.
Ekspert vurğulayır ki, məktəbəqədər və ibtidai təhsildə dərs deyən müəllimlərin hazırlığına daha çox diqqət etmək lazımdır. “Məktəbəqədər və ibtidai təhsildə daha çox kollec təhsilli şəxslər tədrisə cəlb olunub. Bu ixtisaslar daha çox kolleclərdə keçilir. Ali təhsil müəssisələrində bu ixtisasların plan yerləri azdır. Mütləq şəkildə həm məktəbəqədər, həm də ibtidai təhsilə ali təhsil müəssisələrində bakalavr və magistr pillələrində plan yerləri ayrılmalıdır”.
İlqar Orucov əlavə edir ki, dünyanın təhsil tutumlu ölkələrinin tətbiq etdiyi modelləri qurmalıyıq və hədəfimizi kadr hazırlığına yönləndirməliyik.
Sayad Qoşnalıyeva