Azərbaycan növbəti dəfə böyük, nüfuzlu tədbirə ev sahibliyi edəcək -Jalə Əliyeva
Bölmə: Siyasət › ,Tarix: 21:22 18.12.2023
Gələn il ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konversiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29 keçiriləcək.
Bununla bağlı keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, COP29-da minlərlə xarici nümayəndə ölkəmizə gələcək, Bakı iki həftə ərzində dünyanın mərkəzi olacaq.
Milli Məclisin üzvü Jalə Əliyeva bu tədbirin əhəmiyyəti, Azərbaycanın tədbirə ev sahibliyi etməsi ilə bağlı informator.az- a fikirlərini bildirib.
"Azərbaycan növbəti dəfə çox böyük, nüfuzlu tədbirə ev sahibliyi edəcək və cənab Prezidentin də ötən gün olan açıqlamasında göründüyü kimi, ölkəmizə 100 minə yaxın xarici qonağın gəlişi gözlənilir. Əlbəttə, bu, birinci növbədə ölkəmizə olan böyük etimad, Azərbaycanın nüfuzudur".
Deputat qeyd edib ki, Azərbaycanda bərqərar olan stabillik, əmin-amanlıq, Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməyə potensialının olması bu qərarın verilməsinə səbəb olan amillərdəndir.
"Eyni zamanda bütün dünya bilir ki, bu gün Azərbaycan bölgənin, dünyanın durmadan inkişaf edən və inkişafının sərhədləri artan ölkədir.
Azərbaycanla dost, əməkdaş olmaq istəyən dövlətlərin sayı gündən-günə artır və bu beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun daha da möhkələnməsinə xidmət edən amil kimi qiymətləndirilməlidir. Bu tədbir də ölkəmizin ev sahibliyi etdiyi digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə hazırlanacaq və keçiriləcək.
Ötən gün cənab Prezidentin yanında məhz bu tədbirlə bağlı geniş toplantı keçirildi və cənab Prezident öz tapşırıqlarını, tövsiyyələrini verdi, söylədi ki, 11 aydan çox az müddət qalıb və biz bu tədbirə lazım olduğu şəkildə hazırlaşmalıyıq".
Millət vəkilinin sözlərinə görə, bu Azərbaycanın ev sahibliyi ilə keçirilən ilk tədbir deyil və belə olduğu üçün Azərbaycan yenə də illərin tərcübəsinə əsaslanan, imkanları ilə bu tədbirin də öhdəsindən layiqincə gələcək.
"Gələn 100 minə yaxın qonaq Azərbaycanın timsalında bölgənin, dünyanın inkişaf edən, stabil, sosial, problemlərinin həlli tapılan, dünyaya inteqrasiya edən ölkəsi ilə qarşılaşacaqlar".
Nəzrin Mirzəyeva