Bu isə ABŞ-də demokratiyanın iflası deməkdir-Azad Məsiyev
Bölmə: Siyasət › ,Tarix: 20:43 20.12.2023
Kolorado Məhkəməsi ABŞ-nin keçmiş lideri Donald Trampın 2024-cü il prezidentliyə namizədliyini qadağan edib. Bildirilib ki, Tramp Birləşmiş Ştatlara qarşı üsyanda və ya düşmənlərinə dəstəkdə ittiham olunur.
"Bildiyimiz kimi ABŞ özünü demokratiyanın qarantı, mənbəyi kimi bəyan edib və dünyaya demokratiya ixrac edəcək bir dövlət kimi özünü göstərir. Trampın növbəti seçkilərdə iştirak etməsinin qarşısını almaq üçün məhkəmənin qərarı varsa, bu artıq ABŞ-da demokratiyanın korroziyaya uğraması deməkdir". Bu sözləri informator.az-a açıqlamasında politoloq Azad Məsiyev söyləyib.
Politoloq deyir ki, əgər sözün həqiqi mənasında Tramp hansısa iğtişaşlarda və ya Amerikanın düşmənlərinin maraqlarına uyğun fəaliyyət göstərməkdə ittiham olunursa, bu sübut olunmalıdır və məhkəmənin qərarı olmalıdır.
"Təəssüflər olsun ki, ABŞ-də Trampa qarşı qərəzli bir kompaniya başlayıb. Bu da ondan irəli gəlir ki, Tramp açıq şəkildə bəyan edib ki, əgər hakimiyyətə gələrsə, Ukrayna-Rusiya arasında olan savaşın sülh yolu ilə həll olunması üçün addımlar atacaq".
Azad Məsiyevin sözlərinə görə, ABŞ-nin Bayden hakimiyyətində olan bir komanda Trampın hakimiyyətə gəlməsinə mane olmaq istəyirsə, bu bir daha onu göstərir ki, ABŞ Ukraynadakı müharibəni körükləmək istəyir və Rusiya-Ukrayna savaşının daha uzun müddət olmasında maraqlıdır.
"Ümumilikdə Ukrayna məsələsi dünyanın nizamını pozub. Eyni zamanda dünyada həm iqtisadi, həm də siyasi qarşıdurmanı daha çox alovlandırıb".
Müsahib qeyd edib ki, ABŞ-nin xarici siyasətində demokratiya siyasəti adı altında öz imperatorluğunu qorumaq üçün demokratiya ideyasından istifadə edilir.
"Trampın növbəti prezident seçkilərində iştirak etməsinin qarşısını almaq üçün qondarma ittihamlar ortaya atılıb. Bu isə artıq ABŞ-də demokratiyanın iflası deməkdir. Bununla da ABŞ bir daha özünün imperiya maraqlarını güdməsini sübut etdi".
Politoloq sonda vurğulayıb ki, məhkəmənin bu cür qərarları dünyada demokratiyaya kölgə salacaq.
Aynur Babayeva