Rusiyaya qarşı hər hansı bir təhlükə nüvə silahının işə düşməsidir. -Azad Məsiyev
Bölmə: Siyasət › ,Tarix: 22:27 20.12.2023
"Rusiya Qərblə "hibrid müharibə" şəraitində nüvə qüvvələrini artırır, strateji qüvvələrini ən yüksək hazırlıq səviyyəsində saxlayır".
Bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.
Rusiya nüvə silahından istifadə edə bilər mi?
Əgər istifadə edərsə, bunun nəticələri necə olacaq?
İnformator.az saytına açıqlama edən politoloq Azad Məsiyev qeyd edib ki, dünya siyasətində 2 böyük dövlətin, ABŞ və Rusiyanın maraqları toqquşur.
Politoloq əlavə edib ki, iki dövlətin də qarşıdurması dünyada həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidədir.
"Münaqişə Ukrayna ilə Rusiya arasında yox, NATO bloku ilə Rusiya arasında gedir, ABŞ və NATO bloku Rusiyanı düşmən elan ediblər, onu dünyanın siyasi xəritəsindən silmək, parçalamaq istəyirlər, Rusiyanın da özünü müdafiə etmək haqqı var,bundan da istifadə edir.
Varşava bloku dağıldıqdan sonra ABŞ və Rusiya arasındakı razılaşmaya görə, NATO bloku Şərqə doğru irəliləməməli idi.
Təəsüflər olsun ki, ABŞ bu öhdəliyi yerinə yetirmədi, razılaşma pozuldu, NATO Şərqə doğru irəlilədiyi üçün Varşava blokuna daxil olan, Rusiyaya qonşu dövlətlər NATO-ya daxil edildi.
Bu da Rusiyaya qarşı bir təhdid idi, Rusiya da öncədən dəfələrlə bəyan edib ki, NATO-nun Rusiyanın sərhədlərinə doğru yaxınlaşması Rusiyaya qarşı təhlükədir, onun milli təhlükəsizliyinə xələl gətirir. Təbii ki, Amerika və NATO bloku Rusiyanın tələbini ciddi qəbul etmədi".
Müsahib əlavə edib ki, Rusiya Prezidenti V. Putin tələbinin yerinə yetirilmədiyini, ABŞ-ın Rusiyanı dünya xəritəsindən silmək istədiyini gördükdə ən radikal addımlar atdı, birləşmiş təxribatların nəticəsində Ukrayna münaqişəsi yarandı.
"Son vaxtlar ABŞ psixoloji müharibədə Rusiyaya qarşı əks-hücuma keçib. "Rusiya NATO blokuna qarşı müharibə elan edəcək", "Rusiya nüvə silahından istifadə edəcək" kimi çağırışlar var. Dünyanın kütləvi informasiya vasitələrində bu kimi təbliğatlar gedir, burada məqsəd isə NATO blokuna daxil olan dövlətlərinin Rusiyaya qarşı yenidən düşmənçilik etməsidir".
Siyasi analitik bildirib ki, Rusiya NATO blokuna qarşı müharibə aparmaq fikrində deyil, çünki o, Ukrayna müharibəsindən sonra dünya siyasətində təklənir.
"Ukrayna münaqişəsində ABŞ və NATO bloku ilə Rusiyanın müharibəsi gedir, Ukrayna isə sadəcə poliqona çevrilib. Təbii ki, NATO-nun Rusiyanın sərhədlərinə irəliləməsi, xüsusilə, Finlandiya və ABŞ arasında hərbi-siyasi razılaşma əldə edilib, bu da Rusiya əleyhinə hesablanır, təbii ki, iki dövlət arasındakı əməkdaşlıq üçüncü dövlətin əleyhinədirsə, bu beynəlxalq qaydaların pozulması deməkdir. Buna görə də Rusiya özünü müdafiə etmək üçün bütün vasitələri istifadə edəcək, əgər Rusiyaya qarşı hər hansı bir təhlükə yaranarsa, onun nüvə silahından istifadə etmək haqqı var. Çünki bu nüvə silahı istehsal olunubsa, özünü müdafiə üçündür".
Politoloqun fikrinə görə, ABŞ-ın təxribatları və provokasiya nəticəsində Rusiyaya qarşı təzyiqlər var, onun ətrafındakı respublikaları Rusiya əleyhinə istifadə etmək istəyirlər.
"Bildiyimiz kimi, "rəngli inqilablar" adı altında, demokratiya ideyası adı altında ABŞ Rusiyaya qonşu olan respublikalarda dövlət çevrilişi edir, öz maraqlarına uyğun şəxsləri hakimiyyətə gətirir və dövləti klonlaşdıraraq Rusiya əleyhinə istifadə edir. Ukrayna, Gürcüstan, Ermənistan da bunun bariz nümunəsidir.
Həmçinin Belarusiyada da dövlət çevrilişi edib özlərinə münasib olan şəxsi hakimiyyətə gətirmək istəyirdilər. Əsas məqsəd Rusiyanın dünya arenasında təklənməsi, parçalanmasıdır".
Politoloq deyir ki, Rusiya nüvə doktrinasına malik olan dövlətdir, ona qarşı hər hansı bir təhkükə nüvə silahının işə düşməsidir.
"Bununla da bəşəriyyət əziyyət çəkəcək, nüvə silahının işə düşməsi ilə bəşəriyyətin varlığı sual altına düşəcək. Buna görə də ABŞ-ın Rusiyaya qarşı aqressiv siyasətinə son qoyulmalıdır. Problemlər masa arxasında dinc yolla müzakirə edilməlidir. Rusiyaya qarşı təxribatlar törədilərsə, o da buna adekvat cavab verəcək".
Nəzrin Mirzəyeva