Ukrayna müstəvisində Üçüncü Dünya müharibəsi gedir-Azad Məsiyev
Bölmə: Siyasət › ,Tarix: 23:45 20.12.2023
İsrail dövləti Fələstinlə hələ davam edən münaqişəsindən sonra Livanın cənubunu da artilleriyadan atəşə tutub.
Dünyada siyasi arenada gərginlik artır.
Bu gərginliklər Üçüncü dünya müharibəsi yarada bilər mi?
Yaxın Şərqdə baş verən proseslərin səbəbləri nələrdir?
İnformator.az- a açıqlama edən politoloq Azad Məsiyev bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr uzun keçmişə malik olan problemdir.
"Bildiyimiz kimi, İsrail dövləti yaradılan anda BMT-nin belə bir qərarı var idi ki, Fələstin dövləti də yaradılsın. Təəsüflər olsun ki, Fələstin dövlətinin yaradılmasına mane oldular.
Bu da Yaxın Şərqdə qaynar ocağın yaradılmasına səbəb oldu, uzun müddətdir ki, Fələstin- İsrail məsələsi gündəmdədir. Təəsüflər olsun ki, bu problem beynəlxaql müstəvidə həll olunmadı, beynəlxalq aləmdə BMT-nin qərarları icra olunmadı, dünya siyasətində beynəlxalq qanun yox, gücün qanunu qüvvədədir. Belə olduqda Fələstin-İsrail problemi güc müstəvisində öz həllini tapmaq üzrədir".
Politoloq qeyd edir ki, istər son vaxtlar Həmasın İsrailə qarşı etdiyi hərəkətlər, istərsə də İsrailin apardığı antiterror əməliyyatları heç bir qanunlara uyğun deyil, müharibə qanunlarına ziddir və Yaxın Şərqdə baş verən bütün qarşıdurmalar beynəlxalq hüququn tapdalanması, insan haqlarının kobud şəkildə pozulmasıdır.
"Bu məsələnin də arxasında böyük güclər durur, bildiyimiz kimi, ABŞ-ın Yaxın Şərqdə siyasi maraqları var, bu maraqları da həyata keçirmək üçün 3-cü qüvvələrdən istifadə olunur".
Siyasi analitikin sözlərinə görə, Ukrayna müstəvisində Üçüncü Dünya müharibəsi gedir.
"ABŞ və NATO blokunun Rusiya ilə savaşı gedir, Ukrayna poliqona çevrilib, çünki NATO bloku həm maddi, həm hərbi, həm canlı qüvvə, həm də kəşfiyyat məlumatları baxımından Rusiyaya qarşı Ukrayna müharibəsində birləşərək savaşır.
Üçüncü dünya müharibəsi başlayarsa, nüvə silahı işə düşə bilər.
Yaxın Şərqdə baş verən hadisələrdə böyük güclərin məqsədləri var, Ərəb dünyasının birləşməsinin qarşısının alınması üçün bu problemlərdən istifadə edilir".
Politoloq hesab edir ki, Fələstin məsələsində də Ərəb dünyasının böyük günahı var.
" Çünki Fələstin dövlətinin yaradılmasına Ərəb dünyası vahid mövqedə çıxış etmədi".
Azad Məsiyev sonda qeyd edib ki, Fələstin dövləti vaxtında yaradılsa, məsələ beynəlxalq hüquq çərçivəsində həll edilsəydi bu günki münaqişə baş verməzdi.
Nəzrin Mirzəyeva