Minatəmizləmə davam edir
Bölmə: Siyasət › ,Tarix: 23:44 22.12.2023
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri işğaldan azad edilən ərazilərdə mina və partlamamış döyüş sursatlarından təmizləməni davam etdirir.
Müdafiə Nazirliyinin məlumatına görə, bu ilin dekabrın 21-dək mühəndis-istehkam bölmələri ümumilikdə 6 930 hektaradək ərazidən 234 piyada, 721 tank əleyhinə mina və 1405 partlamamış döyüş sursatı aşkarlayaraq zərərsizləşdirilib. Aşkarlanan mina və sursatların bir qismi Ağdərədə "Gödəkburun" təlim mərkəzində partlatma və yandırma üsulları ilə məhv edilib. Təmizləmədə əsas diqqət isə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Çünki qeyri-qanuni erməni silahlı qüvvələri təmas xəttindən əlavə, mülki obyektlərə, əhalinin dah çox üz tutacağı yerlərə də mina basdırıblar.
Hərbi ekspert Telman Qasımov bildirib ki, düşmən tərəfi məkrli niyyətlərini yalnız sahələrdə deyil, mülki evlərdə, məktəblərdə və digər tikililərdə də qoyub gediblər.
"Piyadalar daha çox zərər görürülər. Demək olar ki, 90%-i dünyalarını dəyişirlər. Bu minalar hamısı ağır texnikalar və tanklar əleyhinə olan minalardır. Mina terroruna məruz qalan vətəndaşlardan başqa ekologiya problemləri var ki, bu partlayıcılar nəticəsində torpaq üzərindəki qatların çirklənməsi və zəhərlənməsi nəticəsi ilə də üzləşib".
Ekspert qeyd edib ki, aşkarlanan minaların əksəriyyəti 2021-ci ildə Ermənistanda istehsal olunub.
"Bu da onu deməyə əsas verir ki, ermənilər 44 günlük vətən müharibəsindən sonra da təxribatlarına ara verməyib. Azərbaycanın bu il aprelin 23-də "Laçın" sərhəd- buraxılış məntəqəsini yaratması ilə Qarabağa qanunsuz hərbi daşımaların həyata keçirilməsinə qarşı böyük addım atıb. Lakin işğaldan azd olunan ərazilərdə minalarla çirkləndirilmiş 100-lərlə hektar sahə var. Bu həm də böyük qayıdışı ləngitməklə yanaşı, həmin yerlərdə infrastruktur layihələrinin icrasını da yubadır".
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin sədri Hafiz Səfixanovun sözlərinə görə, rast gəlinən minalar ən çox piyadalar əleyhinə olan minalardır.
"PMNE tipli minalar, Ermənistan istehsallı, 2021-ci il istehsallı olan minalar həmin ərazilərdən tapılıb və zərərsizləşdirilib. Bundan başqa kütləvi şəkildə tank əleyhinə minalara da rast gəlinir. Bunlar əsasən plastik gövdəli minalardır ki, tank əleyhinə minalardır ki, mina təmizləyənlər detektrla işləyir və detektr metala səs edir. Həmin bu minaların korpusunun plastik materialdan olması mina təmizləyənlərin işini çətinləşdirir".
Qeyd edək ki, ikinci Qarabağ müharibəsindən sonra 340 nəfər mina qurbanı olub. 50 mülki vətəndaş, 15 hərbçi həlak olub. Baş verən mina partlayışları nəticəsində 111 mülki şəxs və 164 hərbçi yaralanıb.
Ləman