Azərbaycanlı zabit Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edib

Bölmə: Araşdırma › ,
Tarix: 20:48 25.12.2023

Azərbaycanlı zabitin Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etdiyi ortaya çıxdı.

 

Rus ordusunda zabit kimi xidmət göstərən, Birinci Dünya müharibəsi iştirakçısı və müharibədəki şücaətinə görə, "Müqəddəs Georgi" ordeninə layiq görülən Sayad Zeynalovun Türkiyə İstiqlaliyyət müharibəsində, Şərq cəbhəsində, Kazım Qarabəkir Paşanın yanında vuruşduğu ortaya çıxdı.

 

Sayad Zeynalov 30 avqust 1886-cı ildə Qazax qəzasında anadan olub. 1914-cü ildə könüllü olaraq Tatar süvari alayına daxil olub. 1915-ci ildə uryadnik, 1916-cı ildə praporşik, sonra isə yunker rütbəsi alıb. Birinci dünya müharibəsində göstərdiyi şücaətə görə imperiyanin ən şərəfli Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunub. 1917-ci ildə vətənə qayıdan Sayad Zeynalov 1918-ci ildən Milli Orduda, əvvəlcə birinci Tatar-Azərbaycan alayında, sonra isə üçüncü Şəki süvari alayında xidmət edib. Qarabağda, Göyçayda və Bakıda daşnak-bolşeviklərə qarşı döyüşlərin fəal iştirakçısı olub. Sayad Zeynalov Azərbaycanın SSR tərəfindən işğalından sonra öz alayı ilə birgə qardaş Türkiyəyə İstiqlaliyyət müharibəsində yardıma getdi. 1920-ci il sentyabrın 29-da Sarıqamışın erməni quldur dəstələrindən təmizlənməsində mühüm rol oynadı. Sayad Zeynalov oktyabrın 30-da Qarsın azad edilməsində 9-cu Qafqaz diviziyasının tərkibində qəhrəmancasına döyüşüb.

 

Vətənə qayıdandan sonra Sayad Zeynalov El yardımı komitəsinin sədri və Gəncə milis idarəsinin rəisi kimi məsul vəzifələrdə işləyib. 1937-ci ildə Müsavat zabiti kimi həbs olunub və sürgünə göndərilib. 1942-ci ildə sürgündə dünyasını dəyişib.



Yusif Mamedov