Ermənistan bir şeyi unudur ki...-Kazım Kazımov
Bölmə: Siyasət › ,Tarix: 21:45 26.12.2023
"Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmamasının bir neçə təməl səbəbi var. Səbəblərin başında təbii ki, Ermənistan hakimiyyətinin dildə nə qədər buna razı olduğunu, sülh tərəfdarı olduğunu ifadə etsə də, əməldə Azərbaycanla sülh müqaviləsini imzalamaqdan qaçması durur". - Bu sözləri informator.az-a açıqlamasında analitik jurnalist Kazım Kazımov söyləyib.
Şərhçi qeyd edib ki, belə ki, Ermənistan hakimiyyəti bir çox məsələlərdə Azərbaycanla uzlaşmaq istəmir.
"Əvvəlincisi, Azərbaycanın sərhəd delimitasiyasını tanımaq istəmir və bu müqaviləni imzalamaq istəmir. Paşinyan hesab edir ki, bu şərtlər altında vaxtı nə qədər uzada bilsə, uzadacaq.
Kazım Kazımov eyni zamanda qeyd edib ki, onun vaxt uzatma səbəbinin ən təməl istəyi budur ki, Zəngəzur koridoru açılmasın.
"Halbuki biz bilirik ki, 10 noyabr bəyanatında Zəngəzur koridoru açıq bir şəkildə qeyd edilmişdi. Buna rəğmən bu gün onu yerinə yetirmək istəmirlər".
Jurnalist həmçinin bildirib ki, Ermənistan digər tərəfdən də xarici havadarlarına güvənməyə davam edir.
"Belə ki, onlar- Moskva, Fransa, ABŞ və digər Avropa ölkələrindəki erməni lobbiləri, birbaşa Fransa hökuməti ilə çalışaraq istəyirlər ki, Moskva, Paris, Vaşinqton və digər paytaxtlardakı siyasi mərkəzlərə təsir edərək bu prosesi uzatsınlar".
Şərhçi əlavə edir ki, onlar Azərbaycan xalqının haqlı mübarizəsini təhrif etməyə çalışırlar.
"Sanki Azərbaycanlılar Qarabağdan yerli erməni sakinlərini zorla qovurmuş, Azərbaycan Ermənistana bir embarqo tətbiq edirmiş, Azərbaycan Ermənistanın torpaq bütövlüyünü qəsb etmək istəyirmiş kimi bəyənatlar irəli sürürlər. Halbuki həm ondan əvvəlki, həm də sonrakı proseslərdə hər şey açıq-aydındır. Təəssüflər olsun ki, dünya bunu görmür".
Kazım Kazımovun sözlərinə görə, Ermənistan bir şeyi unudur ki, əgər nə qədər ki, sülh müqaviləsi imzalamayacaq, onun sərhədlərinin 80%-i bağlı qalacaq və iqtisadi böhrandan çıxa bilməyəcək.
"Ermənistan 30 il ərzində bu Qafqazda gedən siyasi prosesləri beynəlxalq güclərin əli ilə həll etməyə çalışdı. Ancaq son nəticədə Qafqazda son sözü deyən Azərbaycan oldu. Və bu səbəblə də Ermənistan ağlını işlədərək prosesi Azərbaycanın özü ilə həll etməlidir".
Aynur Babayeva