2023-cü il Qarabağa və Şərqi Zəngəzura qayıdışın simvolu kimi yadda qaldı-Hikmət Babaoğlu
Bölmə: Siyasət › ,Tarix: 14:45 27.12.2023
2023-cü ilin bitməyinə günlər qalıb. Bu il də Qarabağda quruculuq işləri davam etdi, beynəlxalq konfranslar, tədbirlər keçirildi.
Milli Məclisin üzvü Hikmət Babaoğlu 2023-cü il üzrə Qarabağda keçirilən quruculuq tədbirləri ilə bağlı informator.az - a açıqlama edib.
Deputat qeyd edir ki, 2023-cü il Qarabağa və Şərqi Zəngəzura qayıdışın simvolu kimi yadda qaldı.
"Çünki bu il Qarabağda və Şərqi Zəngəzurda böyük qayıdışımızı təmin edəcək fundamental infrastruktur layihələri həyata keçirildi, yollar çəkildi, körpülər tikildi. Hazırda bu işlər davam etdirilir. Eyni zamanda vətəndaşlarımızın böyük həvəslə, sevinclə ərazilərimizə qayıdışına şahid etdik".
Millət vəkili əlavə edir ki, 2023-cü ildə milli qürur tariximizə çevrilən Xankəndidə böyük idman bayramı həyata keçirildi, Bərdə-Ağdam yolunun tikintisi başa çatdı.
" Bir neçə gün öncə Azərbaycan Respubkikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva bu yolun açılışında iştirak etdilər.
Həmçinin bu il Taxtakörpü su anbarının bərpası ilə də yadda qaldı. Bu su anbarı minlərlə hektar ərazimizin suvarılması, becərilməsi üçün mühüm rol oynayacaq. Eyni zamanda 2023-cü ilin ən önəmli hadisələrindən biri sentyabrın 20-də Qarabağda baş verdi. Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əsgəran kimi ərazilərimiz Azərbaycanın suveren hüquqlarına qaydarıldı".
Hikmət Babaoğlu sonda bildirir ki, 2023-cü il Şuşada bir sıra mühüm, mədəni-humanitar tədbirlərin, beynəlxalq konfransların keçirilməsi ilə yadda qaldı.
"Nəhayət, vətəndaşlarımızın Laçına, Füzuliyə, Zəngilana kütləvi qayıtmasının başlanğıcı qoyuldu. Bu da hər bir azərbaycanlıda böyük qürur və fəxarət hissi yaradır".
Nəzrin Mirzəyeva