Taksi sürücülərinin nəzərinə!-Taksiləri fərqləndirən əlamətlər olmalıdır

Bölmə: Sosial › ,
Tarix: 21:39 22.02.2024

Şəhərin müəyyən hissələrində taksi dayanacaqları mövcuddur. Lakin bəzi sürücülər avtomobillərini həmin dayanacaqlarda saxladıqları üçün taksi sürücüləri həmin yerə daxil ola, dayanacaqlardan yararlana edə bilmirlər.


Bəs taksi sürücülərinin dayanacaqlardan kənar saxlamalarına görə cərimə nəzərdə tutulurmu?

 

Bu haqda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "İnformator.az"a açıqlama edib:

 

"Taksi dayanacaqları məhz taksi fəaliyyəti ilə rəsmi qaydada məşğul olanlar üçün nəzərdə tutulub. Orada xüsusi nişanlamalar mövcuddur və onlar yalnız taksi fəaliyyəti ilə məşğul olanlar üçündür. Digər şəxslərin istifadə etməsi isə dayanma-durma qaydalarının pozulması kimi qiymətləndirilir. Bir çox hallarda isə taksi duracağında saxlayan taksilərin fərqləndirən tanınma əlamatləri olmur. Taksiləri digər nəqliyyat vasitələrindən fərqləndirən elementlər  isə mütləq qaydada təmin olunmalıdır".

 

Araz Əsgərli bildirir ki, taksilərin fərqləndirilməsi məsələsi isə digər səlahiyyətli orqanların və xidməti həyata keçirdən fiziki şəxsin məsuliyyətidir.

 

"DYP-nin bu məsələdə səlahiyyəti nəzarət edicidir. Bütün rekvizitləri və lazımi fəaliyyət üçün nəzərdə tutulan sənədləşmə prosesi tam fəaliyyətin mövcudluğunu təsdiq etməlidir ki, taksi də öz olduğu yerdə dayansın. Əsas sual budur, taksini digər nəqliyyat vasitələrindən fərqləndirən amillər hansılardır? Bu qanunda nəzərdə tutulub. Təəsüf ki,  bu qanuni tələbə düzgün şəkildə riayət edənlər aşağı səviyyədədir. Beləliklə, taksi ilə adi avtomobil bir-birindən fərqlənmir.

Taksi dayanacaqlarının say həddi, mümkün reallıqda taksi sürücülərinin avtomobillərini rahatlıqla saxlamasına kifayət etmir, bu reallıqdır. Əlavə olaraq, həmin dayanacaqlarda başqa avtomobillərin saxlaması problemi də fərqlənmə və digər məsələlərlə bağlıdır. Lakin nəzərə alsaq ki, taksi duracaqları ilə yanaşı digər ödənişli dayanacaqlarda ilk 15 dəqiqə pulsuzdur, yəni sifarişləri qəbul edərkən yolun hərəkət hissəsində və dayanma-durmanı qadağan edən yerlərdə qaydaları pozmaq isə heç bir halda şəxs üçün bəraət qazandırmır".

 

 

 

Gülay Qəribova