“Cloud” sisteminin mahiyyəti nədir?-AÇIQLAMA

Bölmə: Araşdırma › ,
Tarix: 20:13 23.02.2024

Son zamanlar “Cloud”  texnologiyasına tələbat ötən illərə nisbətdə xeyli artıb. Bəs şirkətlər və ya sıravi istifadəçilər bu sistemi nə dərəcədə  mənimsəyə biliblər? Xüsusən də  “video-oyun” sektorunda “cloud” sisteminin nə kimi qatqıları var? “Cloud” sistemini qənaətcil bir texnologiya saymaq olarmı?

 

Mövzu ilə bağlı “Tedroid Media Group”un həmtəsisçisi Bəxtiyar Həsənov “informator.az”a açıqlama verib.


 

“Son illərdə "Cloud" texnologiyasına tələbat ona görə artıb ki, şirkətlər hər hansı bir “hosting” xidməti və ya server – özlərinə məxsus bir qurğu varsa, xitab edəcəyi müştəri kütləsini əvvəlcədən təxmin edə bilmirlər. Müxtəlif situasiyalar var ki, xərcləri yüksəldir. ‘Bulud’ texnologiyasına əsasən, hər hansı bir xidmətdən istifadə edirlərsə, avtomatik olaraq elastik bir şəkildə müştəri tələbinə uyğun formada xərcləri minimallaşdıraraq və təklif etdikləri xidmətləri daim onlayn bir şəkildə aktiv  saxlayaraq göstərə bilirlər. Bu da hazırda populyar olan ‘video-oyun’ sektoruna təsir göstərir. Hansısa oyun şirkəti bir oyunu müştəri qarşısına çıxarmaq istəyirsə, avtomatik olaraq həmin müştəri ilk növbədə oyunu oynayacağı bir konsol almalıdır. Və konsolun performans göstəriciləri də yüksək olmalıdır, sonra isə oyunu əldə etməlidir”.

 

Bəxtiyar Həsənov bu və digər faktorların qiymətə təsir etdiyini və bu səbəbdən də “cloud” texnologiyasına tələbatın artdığını vurğulayıb.

 

“ "Steam" , "Epic Games" kimi şirkətlər "cloud service" yaradırlar. Həmin servisdə də oyunları online şəkildə təqdim edirlər. Lakin fərq onda olur ki, "cloud service"dən istifadə edən müştərilər platformaya və ya sayta daxil olaraq online şəkildə saytın üzərindən simulyasiya edilən oyunu oynayırlar. Bu da ona gətirib çıxarır ki, sizin kirayələdiyiniz ‘cloud’lar (və ya sahib olduğunuz) əksər halda kirayələnir. Çünki müştəri kütləsindən asılı olaraq büdcə yüksəlir. Gördüyümüz kimi,  "NVIDIA" şirkəti "Amazon" web-servislərindən istifadə edir. Onlardan "cloud"u alır və sistemlərini "cloud"a  bağlayır.

"Cloud" o funksiyanı yerinə yetirir ki, "NVIDIA"-nın hazırda təklif etdiyi oyun infrastrukturu bu sistem üzərində işləyir və avtomatik olaraq heç bir kompüterə ehtiyac qalmır. İstifadəçi də "NVIDIA" şirkətinin platformasından istifadə edərək online bir şəkildə sırf şirkətin təklif etdiyi "cloud" əsasında oyunu oynayır və heç bir əlavə xərc çəkmir. Eyni zamanda, oyun tərtibatçısı şirkət sadəcə arxa tərəfdə öz "cloud" sistemində xidmətini sataraq gəlir əldə edir. Ortada fiziki məhsul olmadığı üçün böyük xərclərə qənaət edilir. Digər tərəfdən də ‘cloud’a olan tələbat artır”.


Son olaraq Bəxtiyar Həsənov qeyd edir ki, “cloud” sistemi sayəsində adi telefondan tutmuş on il əvvəl çıxan performansı çox az olan noutbukda belə  həmin sayta daxil olmaqla simulyasiya edilən oyunu oynamaq mümkündür. Yəni bu zaman heç bir performans itkisi yaşanmır.


Əli Məmmədli