Abituriyentlərin imtahan həyəcanı-Psixoloqdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:11 28.02.2024

Bildiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə və peşə liseylərinin buraxılış imtahanlarına sayılı günlər qalıb. İlk, yəni I zona üzrə imtahan 3 mart tarixində keçiriləcək. 

İmtahan zamanı yaxınlaşdıqca   abituriyentlərin əksəriyyətində imtahan stressi, imtahan zamanı həyəcanlanma, bildiklərini unutma, imtahan sonrası depressiyanın, yaşanması kimi hallara rast gəlinir.

 

Bəs abituriyentlərin imtahan ərəfəsi və imtahandan sonrakı həyəcanıyla bağlı hansı addımlar atılmalıdır?

 

Bununla bağlı valideynlər hansı məqamlara diqqət etməlidirlər?

 

Psixoloq Ayşən Bayramova "İnformator.az"a açıqlamasında bu nüansları aydınlaşdırıb:

Psixoloq öncə imtahan ərəfəsiylə, abituriyentin bu zaman keçirdiyi hislərlə, imtahan nəticəsindən asılı olaraq abituriyentin psixiloji halıyla bağlı fikirlərini bildirib:

 

"Şəxsin bilik və bacarıqlarını müxtəlif üsullarla dəyərləndirən imtahan, abituriyentlər və valideynləri üçün gələcək həyatın keyfiyyətini müəyyən edən faktor kimi dəyərləndirilə bilir.

Nəticəsi qeyri-müəyyən olan imtahan prosesi, təşviş, diqqət dağınıqlığı, məlumatı xatırlama və sistemləşdirmədə çətinlik, dərs çalışmaqdan qaçınmalar səbəbiylə aşağı performansla da nəticələnə bilir.
Ümumiyyətlə, imtahandan danışarkən imtahandan öncəsi, imtahan zamanı və imtahandan sonranı əhatə edən üç mərhələ diqqətə alınmalıdır. Təssüf ki, imtahan öncəsi və imtahan zamanı mərhələsini abituriyentin valideynləri və yaxınları diqqətə alsa da, imtahandan sonrakı dövr göz ardı edilə bilir.
Belə ki, hər kəs üçün uğurla nəticələnməyən imtahan prosesi, ümidsizlik və çarəsizlik duyğuları, özünü günahlandırma, yetərsizlik düşüncələri ilə onsuzda stressli və ağır dövrdən keçmiş abituriyentin psixoloji vəziyyətinə mənfi təsirini göstərə bilir. Özüylə bağlı davam edən xəyal qırıqlığı və “niyə daha yaxşı edə bilmədim?” düşüncələriylə zehni məşğul olan  abituriyent, depressiv əhval-ruhiyyə, qəzəb partlamaları yaşaya bilər".

 

Müsahib deyir ki, abituriyentlər imtahanı bilik və bacarıqların dəyərləndirilməsi kimi yox, şəxsiyyətinin dəyərləndirilməsi kimi qəbul edərək   " bacarıqsızam", " mən bir heçəm", " ailəmin üzünü qara çıxardım", "mənim haqqımda axmaq" deyə fikirləşirlər düşüncələri ilə nəticəni fəlakətləşdirməyə başlaya bilər.

 

"Bütün bunların fonunda özügüvənin, özünü qiymətləndirmənin, özünə hörmətin aşağı düşməsi, depressiv pozuntu yarada bilər.
Bu çətin dövrdə yeniyetməyə sosial dəstəyin göstərilməsi şərtdir. Öz dəstəyini, övladını uğuruna görə yox, var olduğu üçün sevildiyini hiss etdirən ailə, bu dövrün öhtəsindən gəlməkdə abituriyentə kömək olacaq".

 

Ayşən Bayramova sonda vurğulayır ki,  mütəxəssis dəstəyi ilə imtahana psixoloji hazırlıq isə xətalı və çarpıq düşüncələri sağlam düşüncələrlə əvəz etməyə yardım edəcək.

 

"Çünki imtahanın özü və nəticəsiylə bağlı həm abituriyentin, həm də ailənin düşüncələri gerçəyə uyğun və sağlam olarsa, ortaya çıxan nəticə də sağlam olacaq".

 

 

Nəzrin Mirzəyeva