Eşitmə problemi - səbəbləri nələrdir?

Bölmə: Sosial › ,
Tarix: 21:27 27.11.2024

Gündəlik həyatımızda olduqca vacib əhəmiyyət daşıyan məsələlərdən biri də eşitmə problemidir. Bəzi insanlar bu problemdən əziyyət çəkirlər və eşitmə problemi hər yaş qrupuna siraət edə bilir.

 

Bəs eşitmə probleminin səbəbləri nələrdir və hansı yaş aralığında daha çox rast gəlinir?

 

Bu barədə həkim Mərdan Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, eşitmə problemi bir neçə səbəbdən və bir neçə mexanizmlə baş verir:

 

“Təbii şəkildə eşitmə problemi yaşlılıqla bağlı ola bilir, yaş artdıqca digər orqanlarda zəifləmə olduğu kimi, eşitmə problemi də ortaya çıxır. Qulağın eşitmə aparatının sinir sistemində olan zəifləmə və reseptorların həssaslığının azalması ilə əlaqədar olaraq yaş artdıqca eşitmə zəifləyir, xüsusən də, daha yüksək yaş qruplarında eşitmənin tamamilə pozulması müşahidə olunur. Bu səbəblərdə genetik yatqınlıq, genetik meyillilik rol oynayır. Hansı ki, bəzi ailələr və nəsillərdə artıq ahıl yaşlarda eşitmə problemi meydana çıxır və bu fizioloji proses kimi dəyərləndirilir. Uşaqlarda eşitmə problemi patoloji şəkildə baş verir ,yəni daha çox bəzi iltihabi proseslər nəticəsində orta qulağın sinir reseptor sisteminin zədələnməsi, kiçik yaşlarda antibiotiklərin istifadəsi ilə ototoksik təsirlərin meydana çıxması ilə ,uşaqlarda kiçik yaşlarından zəif eşitməyə gətirib çıxarır. Belə olan halda, məcbur olaraq eşitmə cihazlarından istifadə lazımi olur. Uşaqlarda genetik eşitmə problemləri var, bu isə anadangəlmə olur, uşaq doğulduğu andan eşitməməyə başlayır”.

 

Həkimin sözlərinə görə,eşitmə zəifliyi olan və eşitməsi kifayət etməyən şəxslərdə eşitmə cihazlarından istifadə olunur:

 

"Ehtiyac olduğu və göstəriş verildiyi halda bu problem cərrahi əməliyyatlar vasitəsilə həll oluna bilər.

Orta qulaq problemləri, iltihabi prosesdən sonra baş verən zədələnmələr olarsa, cərrahi əməliyyatlar vasitəsilə aradan qaldırıla bilər”.

 

Nərmin Həşimova