İntellektual duyğular-Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 22:10 27.11.2024

 

“Emosional intellekt duyğularımızı anlamadan formalaşa bilməz”.

 

 Bu barədə "İnformator.az"a açıqlamasında psixoloq Gülşən Rüstəmova deyib. Psixoloq insanın emosional intellektinin əsasını onun duyğularını anlaması və idarə etməsi ilə əlaqələndirir:

 

 

“Emosional intellekt yalnız duyğularımızı tanıyıb dəyərləndirəndə formalaşa bilər. Əgər insan öz emosiyalarını əhəmiyyətli hesab etməyib onlara önəm vermirsə, onun zehni doyumsuz qalır. Bu vəziyyət insanın yaradıcı potensialını zəiflədir və emosional balansını pozur. İnsan yalnız öz emosional,  yaradıcı tərəfini inkişaf etdirdikdə harmoniyaya nail ola bilər”.

 

Psixoloq emosional intellektin inkişafını təkcə fərdi xüsusiyyətlərdən deyil, eyni zamanda, insanın tərbiyə aldığı mühit və cəmiyyətin təsirindən də asılı olduğunu qeyd edir:

 

“Temperament və mühit insanın emosional intellektinə ciddi təsir edir. Əgər insan balansda olduğunu hiss etmirsə, bu daxili disharmoniya yaradır. Xüsusilə cəmiyyət çox vaxt məntiqi təfəkkürə üstünlük verir və emosiyaları arxa planda saxlayır. Halbuki, yaradıcı təfəkkür insanın həm emosional, həm də intellektual inkişafı üçün əvəzedilməzdir".

 

Psixoloq yaradıcı təfəkkürün insan ruhu üçün olan tarazlıqından da bəhs edib:

 

“Ruh hissəsi gözlə görünməsə də, duyğularımızı idarə etdiyimiz sahədir. Əgər insan emosional intellektini inkişaf etdirməyi öyrənsə, bu ona daha dolğun və balanslı bir həyat təmin edə  bilər",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Asiya Zeynallı