Quduzluq əleyhinə növbəti peyvəndləmə aparılır-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:16 28.02.2024

Heyvanlar arasında quduzluq əleyhinə növbəti peyvəndləmə aparılır. Peyvəndləmə helikopterlə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax və Zaqatala rayonları ərazisində aldadıcı yem vasitəsilə həyata keçirilib. Tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, kəndətrafı meşə zolaqlarına "Rabadrop oral supsenziyası" səpələnib. Peyvəndləşmə nəticəsində helikopter vasitəsilə 496 km məsafədə 13 min ədəd aldadıcı yemin səpilməsi nəzərdə tutulub. 

 

Məsələylə bağlı "İnformator.az" a açıqlamasında Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin Nümayəndəsi Fatma Abdulla bildirib ki, son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub:

 

"Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara xəsarət yetirdiyi və onları da bu xəstəliyə yoluxması aşkarlanıb. Həmçinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri regionda quduzluq səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib".

 

Onu da qeyd edək ki, bu üsuldan istifadə edilməsi nəticəsində artıq Amerika Birləşmiş Ştatları, Avstraliya və Yeni Zelandiyada quduzluq xəstəliyinə rast gəlinmir.

 

 

İlahə Həsənova